REGİONLAR


Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir

Naxçıvan, 26 iyun, AZƏRTAC

Ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dövlətimizin başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaradıb. Ölkə Prezidenti deyib: “Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”.

Muxtar respublikada ordu quruculuğu prosesi davamlı xarakter daşıyır

Muxtar respublikada ordu quruculuğu prosesi davamlı xarakter daşıyır. Hər il yeni əsgəri-məişət-yaşayış kompleksləri tikilir, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı diqqətdə saxlanılır. Təsadüfi deyil ki, ötən dövrdə muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Həmçinin xalq-ordu birliyi özünün ən yüksək səviyyəsinə çatıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mütəmadi olaraq sərhəd bölgələrindəki hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin qayğıları ilə yaxından maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə onlarda vətənpərvərlik hissinin daha da güclənməsinə səbəb olub.

Ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu 2017-ci və 2018-ci illərdə döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb. 2017-ci il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü hər kəsə nümayiş etdirib. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi isə Böyük Zəfərə gedən yolun başlanğıcı olub.

İndiyədək 3 mindən çox kursantın təhsil aldığı Heydər Əliyev adına Hərbi Lisey ordumuzun peşəkar zabitlərlə təminatında mühüm rol oynayır

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən mühüm işlərdən biri də kadr hazırlığı ilə bağlıdır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilib, kursantlar üçün müasir tədris və məişət şəraiti yaradılıb. İndiyədək 3 mindən çox kursantın təhsil aldığı lisey ordumuzun peşəkar zabitlərlə təminatında mühüm rol oynayır. Liseyin məzunları İkinci Qarabağ müharibəsində də qəhrəmanlıq göstərib, onlar arasında şəhidlik zirvəsinə yüksələnlər olub. Hərbçi kadrların hazırlığına böyük əhəmiyyət verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov liseyin 22-ci buraxılış mərasimində kursantlara müraciətlə deyib: “…Bu gün müasir hərbi məktəblərdə təhsil aldığınız kimi, gələcəkdə də hər cür imkanlara malik hərbi hissələrdə xidmət edəcəksiniz. Siz qalib ölkənin qalib ordusunun zabiti adını daşıyacaqsınız. Bu, böyük şərəf və məsuliyyət deməkdir. Ona görə də ali hərbi təhsil illərində hərbi bilikləri və texnologiyaları dərindən mənimsəməli, qarşıya qoyulan döyüş tapşırıqlarının icrasına hər an hazır olmalısınız. Sizdən əvvəlki məzunların xidməti fəaliyyəti hər biriniz üçün nümunə olmalı, bu illər ərzində formalaşmış ənənə davam etdirilməlidir”.

Naxçıvan Muxtar Respublikasının ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var

Şuşanın alınması ilə həm də ata vəsiyyətini yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qalib sərkərdə kimi ötən il ulu öndər Heydər Əliyevin doğum günündə Naxçıvana gəlib, muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərlə bir daha yaxından tanış olub, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, hərbi aerodromun açılışında iştirak edib. Torpaqlarımızın işğaldan azad olunmasında Əlahiddə Ümumqoşun Ordunun uğurlarına toxunan ölkə başçısı deyib: “İkinci Qarabağ müharibəsində Naxçıvan ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

Bu gün Azərbaycan Ordusu yaradılmasının 104-cü ildönümünü böyük qürur hissi ilə qeyd edir. Muxtar respublikada da Silahlı Qüvvələr Günü qürurla qeyd olunur. Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcəkdir. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.