REGİONLAR


Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində uğurlu döyüş növbətçiliyi aparılır - REPORTAJ

Naxçıvan, 30 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir, xalqımıza qələbə sevinci yaşadır. Ordumuz uğurlu əks-hücum əməliyyatını davam etdirərkən blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin qarantı olan Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın Vətən sevgisi, peşəkarlığı və ruh yüksəkliyi hər birimizi daha da qürurlandırır.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ordumuzun çətin dağlıq şəraitdə yerləşən bölmələrində əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq müdafiə mövqelərində nümunəvi xidmət aparırlar. Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmədə şəxsi heyət böyük ruh yüksəkliyinə və döyüş əzminə malikdir. Keçirilən məşğələlərdə ona təhkim edilmiş silahdan bacarıqla istifadə etməyi və düşmənin istənilən təxribatına layiqli cavab verməyi mənimsəyən hər bir əsgər peşəkar hərbçi kimi Vətənin müdafiəsində dayanır. Burada bir daha şahidi olursan ki, ayıq-sayıq döyüş növbətçiliyi aparan igid əsgərlərimiz düşmənin istənilən təxribatının qarşısını almağa daim hazırdırlar və buna qadirdirlər.

Şəxsi heyətlə söhbət zamanı əsgər Kənan Məmmədov deyib: “Mən və əsgər yoldaşlarım keçirilən məşğələlərdə hərbi anda sadiq peşəkar bir əsgər kimi yetişmişik. Gələcək döyüşlərdə meydandan qaçacaq yeganə əsgər düşmən əsgəri olacaq”.

Zabit Xanbaba Qurbanlı əsgərlərimizin yüksək döyüş əhval-ruhiyyəsində olduğunu bildirib: “Mövqelərdə aparılan döyüş növbətçiliyi hər zaman ayıq-sayıq təşkil olunur. Şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Bu isə verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə imkan verir”.

Zabit Ceyhun Məmişov Azərbaycan Ordusunun son günlərdə həyata keçirdiyi əks-hücum əməliyyatının şəxsi heyəti daha da ruhlandırdığını və bu əks-hücum əməliyyatının böyük Qələbə ilə nəticələnəcəyinə inandıqlarını vurğulayıb.

Göründüyü kimi, Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki bölmələrində uğurlu döyüş növbətçiliyi aparılır və qədim diyarımız Naxçıvan etibarlı müdafiə olunur. Təbii ki, bütün bunlara böyük ruh yüksəkliyi və Vətən eşqi ilə aparılan məqsədyönlü tədbirlər nəticəsində nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.