REGİONLAR


Əlahiddə Ümumqoşun Ordunun zabitləri zəngin tariximiz və mədəniyyətimizlə yaxından tanış olublar

Naxçıvan, 26 iyul, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitlərinin muzeylərə ekskursiyaları təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, zabitlərimiz əvvəlcə Naxçıvan Dövlət Tarix Muzeyini ziyarət ediblər. Məlumat verilib ki, muzeydə Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 50 minə yaxın eksponat qorunub saxlanılır. Ekspozisiyalar, əsasən qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. On şöbədən ibarət olan muzeydə müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinə aid əşyalar, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri sərgilənir.

Zabitlər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar. Möminə xatın türbəsi ilə tanışlıq zamanı məlumat verilib ki, məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.

Açıq səma altında nümayiş etdirilən, Naxçıvan Muxtar Respublikası ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr qonaqlarda böyük maraq oyadıb.

Xan sarayında olarkən zabitlərə bildirilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin zabitləri Xatirə Muzeyini, eləcə də muxtar respublikanın rayonlarında yerləşən tarix-diyarşünaslıq muzeylərini də ziyarət ediblər. Muzeylərdə zəngin tariximizi, mədəniyyətimizi özündə əks etdirən eksponatlar və görkəmli şəxsiyyətlərimiz haqqında ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.