SİYASƏT
Alan Dunkan: Böyük Britaniya Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıdır
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Böyük Britaniya parlamentinin üzvü, xarici işlər üzrə dövlət naziri Alan Dunkan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə olunub, müxtəlif sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov enerji sahəsində, o cümlədən Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirib. E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyasli enerji layihələri – “Cənub Qaz Dəhlizi”, TAP və TANAP layihələri haqqında danışıb, onların Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolunu vurğulayıb.
Böyük Britaniyanın xarici işlər üzrə dövlət naziri Alan Dunkan ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu deyib.
Nazir Elmar Məmmədyarov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.