SİYASƏT
Alan Qriffin: “Regionun lider dövləti olan Azərbaycan Formula 1 yarışlarını da yüksək səviyyədə keçirəcək”
Kanberra, 2 iyun, AZƏRTAC
Əminəm ki, sürətli inkişafı ilə regionun lider dövlətinə çevrilmiş Azərbaycan Formula-1 Avropa Qran-pri yarışlarını da yüksək səviyyədə keçirəcək.
Bu sözləri AZƏRTAC-ın Avstraliya üzrə xüsusi müxbirinə məxsusi müsahibəsində Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupu sədrinin müavini Alan Qriffin deyib.
Azərbaycanın milli bayramı - 28 May – Respublika Günü münasibətilə xalqımıza təbriklərini çatdıran avstraliyalı deputat bildirib ki, 98 il əvvəl müstəqilliyini əldə edən Azərbaycan xalqı onu tezliklə itirsə də, ötən əsrin sonlarında yenidən bərpa edib. Həmin vaxtdan cəmi 25 il keçməsinə baxmayaraq, böyük iqtisadi sıçrayışa nail olan Azərbaycan regionun lider dövlətinə çevrilib, dünya dövlətləri arasında layiqli yerini tutub.
Avstraliya ilə Azərbaycan arasında sıx dostluq əlaqələrinin qurulduğunu vurğulayan A.Qriffin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyib. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla yanaşı, digər sahələrdə də qarşılıqlı mübadilənin hər iki tərəf üçün faydalı olacağını bildirib. Azərbaycanın Avstraliyadakı səfirliyinin əlaqələrin inkişafında xüsusi rolunu vurğulayan deputat bu istiqamətdə qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini də qeyd edib.
Son illərdə Azərbaycana iki dəfə səfər etdiyini xatırladan deputat bildirib ki, ölkəmizin necə sürətlə inkişaf etdiyini öz gözləri ilə görüb. İqtisadi sahədə əldə edilən uğurlar həm digər sahələrin, həm də regionların inkişafına böyük təsir göstərib. Eyni zamanda, Azərbaycan böyük beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının yüksək səviyyəli təşkili ilə diqqəti cəlb edir. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkilinin xoş təsir bağışladığını qeyd edən avstraliyalı deputat əmin olduğunu bildirib ki, tezliklə Bakıda keçiriləcək Formula 1 Avropa Qran-pri yarışları da möhtəşəmliyi ilə tarixə yazılacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra