ELM VƏ TƏHSİL


Alanyada Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə əlaqələrindən bəhs olunub

Bakı, 29 mart, AZƏRTAC

Türkiyədə Alanya Əlaəddin Keykubad Universitetinin və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, konfransda respublikamızı bu ali təhsil ocağının tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, jurnalistika kafedrasının professoru Etibar Babayev, diplomatiya və xarici siyasət kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Əsgər Əhməd, azərbaycanşünaslıq laboratoriyasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Sadir Məmmədov təmsil ediblər.

Tədbirdə Alanya Əlaəddin Keyqubad Universitetinin rektoru, professor Əhməd Pinarbaşı Azərbaycanın və Türkiyənin ortaq dəyərlərə malik olduğunu bildirib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasındakı münasibətlər dəfələrlə tarixin ağır sınaqlarından uğurla keçib. Rektor azərbaycanlıların Çanaqqala döyüşlərində Türkiyə uğrunda şücaətlə vuruşduğunu, erməni-daşnak qüvvələri Bakıda qırğınlar törədərkən isə türk ordusunun Azərbaycan xalqının köməyinə yetişdiyini xatırladıb. Ə.Pinarbaşı deyib: “Bu dostluq və qardaşlıq heç zaman unudulmayacaq”.

Alanya şəhər bələdiyyəsinin sədri Adəm Umud və dövlət nümayəndəsi Mustafa Harput bildiriblər ki, ümummilli lider Heydər Əliyev Azərbaycan və Türkiyə xalqları arasında dostluq və qardaşlıq əlaqələrinə daim üstünlük verib, bu münasibətləri “bir millətin iki dövləti” kimi dəyərlənidirib.

Sonra E.Babayev ulu öndər Heydər Əliyevin Türkiyənin dövlət başçıları ilə görüşlərindən bəhs edən sənədli filmini tamaşaçılara təqdim edib.

Tədbirdə T.Cəfərovun “Azərbaycana Avrasiyaçılıq prizmasından bir baxış”, R.Novruzovun “Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Yusif Vəzir Çəmənzəminlinin Türkiyə dövlətindəki səfir fəaliyyəti”, Ə.Əhmədin “Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə əlaqələri”, S.Məmmədovun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə daxili işlər qurumlarının fəaliyyəti” mövzularında məruzələri dinlənilib.

Sonda türkiyəli alimlər Yavuz Uysal, Nacidi Uysal, Mehmet Ak, Namiq Hüseynli, Leyla Harputlu çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrinin tarixi kökləri, bugünkü vəziyyəti və perspektivləri haqqında danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.