SİYASƏT


“Alarabia” telekanalı: Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq

Qahirə, 15 aprel, AZƏRTAC

Nüfuzlu “Alarabia” telekanalının saytında “Azərbaycan 2022-ci ildə köçkünlərin Qarabağa qaytarılmasına başlayacaq” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 2022-ci ildə azərbaycanlı köçkünlərin erməni separatçılarından azad edilmiş Dağlıq Qarabağ və ətraf rayonlara qaytarılacağı qeyd olunub. Yazıda diqqətə çatdırılıb ki, 1990-cı illərdə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik 7 rayondan 750 mindən çox insan öz evlərindən didərgin düşüb. Ötən ilin sentyabrında yenidən alovlanmış müharibə altı həftə davam edib və Rusiyanın vasitəçiliyi ilə atəşkəslə nəticələnib.

Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü köçkünlərin gələn ildən başlayaraq mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə qaytarılacağını bəyan edib. O qeyd edib ki, artıq torpaqların minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun bərpası həyata keçirilir. Azərbaycan Prezidenti Cənubi Qafqazda sabitliyə həsr edilmiş beynəlxalq konfransda çıxışında vurğulayıb ki, köçkünlərin qaytarılmasında əsas maneə minalanmış ərazilərin xəritələrini Ermənistanın Bakıya təqdim etməməsidir. Prezident İlham Əliyev əlavə edib ki, atəşkəsdən sonra 20-dən çox azərbaycanlı mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olub. Eyni zamanda, Xəzər dənizində zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan müharibə nəticəsində dağıdılmış ərazilərin bərpasına milyardlarla dollar vəsait xərcləyəcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.