DÜNYA


Albaniya Avropada yeni “miqrasiya qovşağı” ola bilər

Berlin, 24 iyun, AZƏRTAC

Yaxın gələcəkdə Albaniyanın Avropada qaçqınların ilk və əsas sığınacaq məntəqəsi olacağı istisna edilmir. AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk və Avstriyanın kansleri Sebastyan Kurts Aİ ərazisində və üçüncü ölkələrdə qaçqınları qəbul edəcək sığınacaq mərkəzləri yaradılması təklifini irəli sürüblər. Avstriya hökumətinin nümayəndəsi Peter Launski-Tiffental hazırda bu cür mərkəzlərin yaradılması istiqamətində müxtəlif ölkələrlə, o cümlədən Albaniya ilə danışıqlar aparıldığını təsdiq edib.

Albaniya Baş nazirinin müşaviri Endri Fuqa hökumət orqanlarına müvafiq məzmunda müraciətin daxil olmadığını bildirib, lakin müxalifət bunun əksini iddia edib. Hökumətdə təmsil olunmayan partiyalar hətta Albaniya rəhbərliyini Aİ-yə üzvlük müqabilində qaçqınların Avropaya hərəkəti yolunda əsas tranzit ölkə olmağa razılıq verməkdə təqsirləndiriblər.

Əvvəllər qaçqınlar Aİ ölkələrinə Adriatik dənizi vasitəsilə gəlirdilər. Lakin İtaliya, Malta və Yunanıstanın miqrantları qəbul etmək imkanları çoxdan tükənib. Bundan başqa, Aİ ölkələri, o cümlədən Almaniya sığınacaq tələblərini rədd etdikləri əcnəbiləri ölkədən çıxarmaq niyyətindədirlər.

Albaniya, ilk növbədə, öz coğrafi vəziyyətinə görə problemin alternativ həlli üçün münasib ölkə ola bilər. Bu kiçik qərbi Balkan ölkəsi Avropaya dəniz yolu ilə əksər qaçqınların gəldiyi Aralıq dənizinin sahilində yerləşir. Ölkənin Durres limanının böyük sayda qaçqın qəbul etmək imkanı var.

Avropanın “Frontex” sərhəd xidmətinin gəmilərinin müşayiəti ilə qayıqlarla gələn miqrantların qeydiyyatı Albaniya ərazisində aparılacaq. Müəyyən səbəb üzündən rədd cavabı verilən qaçqın statusu almaq istəyən əcnəbi vətəndaş gəldiyi ölkəyə qaytarılacaq. Sığınacaq almaq şansı olanları isə Aİ ölkələri üzrə paylaşdıracaqlar.

Brüsselin nöqteyi-nəzərincə, Albaniyanın daha bir üstün cəhəti var: bu ölkə hələ ki Aİ-nin üzvü deyil, Şengen və Dublin sazişləri ona şamil olunmur. Eyni zamanda, Albaniya NATO-nun üzvüdür və burada alyansın antiterror mərkəzi yerləşir. Bundan başqa, ölkənin şimalında qaçqınların hərəkətini məhdudlaşdıran təbii maneə - yüksək dağ massivi var.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.