CƏMİYYƏT
Albaniyada parlament seçkiləri ilə bağlı beynəlxalq müşahidə missiyasının mətbuat konfransı keçirilib
Bakı, 26 aprel, AZƏRTAC
Albaniyada keçirilən parlament seçkiləri ilə bağlı Tirana şəhərində birgə beynəlxalq seçki müşahidə missiyasının mətbuat konfransı olub.
AZƏRTAC xəbər verir ki, ATƏT PA-nın rəsmi veb-səhifəsində verilən məlumata görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə müşahidə missiyası müəyyən müəmmalara və uyğunsuzluqlara baxmayaraq, qanuni çərçivənin demokratik seçkilərin baş tutması üçün kifayət qədər əsas təşkil etdiyini bildirib. Geniş siyasi konsensusa əsaslanaraq qanuni çərçivələrə edilmiş son dəyişikliklər əlavə mexanizmlərin yaranmasını təmin etdi. Yeni seçki administrasiyası üzərinə düşən çoxsaylı yeni tapşırıqların öhdəsindən layiqincə gələ bildi.
ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri Azay Quliyev bildirib ki, “keçənilki siyasi razılaşma əhəmiyyətli islahatların əsasını qoydu və seçki prosesinə olan inamı artırmağa xidmət edən e-texnologiyaları tətbiq etməyə imkan yaradıb. Bu, siyasi yaxınlaşmanın Albaniya xalqının mənafeyinə xidmət etdiyini göstərir”.
ATƏT PA nümayəndə heyətinin rəhbəri Reinhold Lopatka öz növbəsində vurğulayıb ki, “elektron səsvermə texnologiyasının tətbiqi Albaniya üçün vacib və təqdirəlayiq bir addımdır. Ölkə miqyasında istifadə olunan biometrik identifikasiya sisteminin səmərəliliyinin şahidi olmaqdan məmnun oldum. Bu, seçki prosesinə inamı gücləndirə biləcək əhəmiyyətli bir addımdır. Seçki günündən əvvəl baş verən hadisələrdən narahat idim və şiddətə əl atılmasının yolverilməzliyini vurğulamaq istəyirəm".
DTİHB-nin məhdud seçki müşahidə missiyasına rəhbərlik edən Ursula Qaçek qeyd edib ki, "son dövrlərdə Albaniyada baş verən çoxsaylı siyasi qarşıdurmalardan sonra seçki prosesinə inamın tədricən yenidən formalaşdığını görmək bizi sevindirir. Bütün partiyalar seçkilərdə iştirak etdi və seçici sayı yüksək idi. Vəzifədən sui-istifadə və səslərin alınması halları kimi pozuntuların hələ də qalması təəssüf doğurur”.
Albaniyadakı parlament seçkilərini 32 ölkədən 125 müşahidəçi, o cümlədən DTİHB-nin göndərdiyi 42 ekspert və uzunmüddətli müşahidəçi, ATƏT PA-nın göndərdiyi 60 deputat və texniki işçi, həmçinin AŞPA-nın göndərdiyi 23 müşahidəçidən ibarət beynəlxalq seçki müşahidə missiyası izləyib.