CƏMİYYƏT


“Albayrak Media Group”un rəhbərliyi Medianın İnkişafı Agentliyində olub

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”un rəhbəri Ömər Karaca və təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib.

Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” Qanun, bu Qanunun üstünlükləri, eləcə də ölkədə media reyestrinin yaradılması barədə məlumatlandırıb. Əhməd İsmayılov nümayəndə heyətinə bu reyestrin fəaliyyətə başlamasından sonra Azərbaycan media nümayəndələrinin yararlana biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki, “Media haqqında” Qanuna əsasən, onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıblar.

İcraçı direktor, həmçinin türkiyəli həmkarlarını Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.

“Albayrak Media Group”unun rəhbəri Ömər Karaca iki ölkə mediası arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Ömər Karaca, həmçinin qeyd edib ki, iki qardaş, dost ölkənin media qurumları arasında aparılan informasiya mübadiləsi hər iki tərəfin xeyrinə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.