SİYASƏT
Əlcəzair Azərbaycanla siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafında maraqlıdır
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Azərbaycanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Əlcəzairlə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Milli Məclisin sədri bu görüşün ölkəmiz üçün əhəmiyyətli tarixi günlərin yaşandığı bir dönəmdə - Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi vaxtda baş tutduğunu diqqətə çatdırıb. Sahibə Qafarova ölkəmizin erməni işğalçılarına qarşı mübarizəsində tutduğu mövqeyə görə qarşı tərəfə minnətdarlığını bildirib.
Söhbət zamanı qeyd edilib ki, ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. Parlamentlər səviyyəsində də müsbət inkişaf dinamikası mövcuddur. Ortaq maraqların olduğu beynəlxalq və regional məsələlərin həllində, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz davam etdirilir. Bu əməkdaşlıq sülhün, təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir.
Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və aparılan danışıqlar ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Siyasi dialoqun inkişafı həyatın digər sahələrinə də öz təsirini göstərir. Biz parlamentlər səviyyəsində əlaqələrimizin inkişafında maraqlıyıq. Deputatlarımızın qarşılıqlı səfərlərinin ümumi işə töhfə verəcəyinə inanırıq.
Səmimi görüşə görə minnətdarlığını bildirən Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Səfir qeyd edib ki, siyasi dialoqun davamlılığı ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da dərinləşməsinə töhfə verir.
Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi deputatlar tərəfindən müxtəlif platformalarda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.
Görüşdə gender bərabərliyi, cəmiyyətdə və siyasətdə qadınların rolu, COVID-19 pandemiyasına qarşı mübarizə barədə və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.