MƏDƏNİYYƏT


Əlcəzair mətbuatı işğaldan azad olunmuş ərazilərimizdə tarix-mədəniyyət abidələrinin bərpasından yazıb

Qahirə, 24 may, AZƏRTAC

Əlcəzairin “Əl Vassit”, “Əl Şuruq” və “Əl Hərir” portallarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarix-mədəniyyət abidələrinin bərpasından bəhs edən məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 illə yaxın düşmən tapdağı altında qalmış əraziləri azad etməsindən sonra həmin torpaqlarda aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Müəllif diqqətə çatdırıb ki, müharibədən dərhal sonra – 2020-ci il dekabrın 8-də bəyanatla çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ermənilərin məhv etdiyi tarix-mədəniyyət və dini abidələrin bərpası üzrə layihələrin həyata keçiriləcəyini bildirib. Bu prosesə yerli mütəxəssislərlə yanaşı, Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Türkiyə, Rusiya, Latviya və Gürcüstandan da ekspertlər cəlb olunub. Hazırda bərpa işləri Prezident İlham Əliyevin nəzarəti altında davam edir.

Təkcə Şuşa şəhərində 150-yə yaxın tarix-mədəniyyət abidəsinin olduğunu qeyd edən R.Bağırov yazır ki, Azərbaycanın bu mədəniyyət paytaxtının strateji əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev cari ili “Şuşa İli” elan edib. Artıq bu şəhərdə bir sıra qədim mədəniyyət abidələrinin, həmçinin məscidlərin bərpası başa çatıb və restavrasiya zamanı onların əvvəlki görkəmi qorunub saxlanılıb.

Məqalədə Qarabağda yerləşən mədəniyyət abidələri, məscidlər və alban kilsələrinin tarixi barədə ətraflı məlumat verilib, həmçinin ermənilərin məbədləri və ziyarətgahları dağıtması və təhqir etməsi faktları diqqətə çatdırılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.