SİYASƏT


Əlcəzair mətbuatında Zəngəzur dəhlizinin əhəmiyyəti barədə məqalə dərc olunub

Qahirə, 21 iyun, AZƏRTAC

Əlcəzairin “Afrikeconomy” nəşrində və “Əl Hərir” portalında Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazda sülhün vacib elementidir” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olmaq təşəbbüslərindən bəhs olunur. Müəllif qeyd edib ki, Ermənistanla bu istiqamətdə danışıqları davam etdirən ölkəmizin rəhbərliyi regional inkişaf və əməkdaşlıq üçün yaranmış bu əlverişli imkandan maksimum istifadə etməyə səy göstərir. Prezident İlham Əliyev bu yaxınlarda Bakıda keçirilmiş IX Qlobal Forumdakı nitqində qarşı tərəfi sülh danışıqları ilə bağlı konstruktiv mövqe sərgiləməyə, beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyü prinsipinə hörmət etməyə çağırıb. Azərbaycan sülh müqaviləsinə dair komissiya yaradıb və Ermənistanı da bu addımı atmağa dəvət edib. Artıq bu ilin mayında sərhədlərin demarkasiyası üzrə Azərbaycan-Ermənistan Komissiyasının birgə iclası keçirilib.

Məqalədə diqqətə çatdırılıb ki, rəsmi Bakı, həmçinin qarşı tərəfi 2020-ci il noyabrın 10-da imzalanmış sənədin şərtlərinə əməl etməyə, Zəngəzur dəhlizini açmağa çağırıb. Lakin Ermənistan həmin sənədin şərtlərini pozmaqda davam edir. Halbuki, Azərbaycan ərazisindəki Laçın dəhlizindən istifadə edən ermənilər, eyni zamanda, həmin dəhlizi də açmalı, Naxçıvanla quru nəqliyyat əlaqələri bərpa edilməlidir. Zəngəzur dəhlizinin açılması regional və beynəlxalq kommunikasiyaların təmin edilməsi baxımından da böyük əhəmiyyətə malikdir. Bu, həm də regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olması kontekstində mühüm addım olacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.