SİYASƏT
Əlcəzair portalı: Azərbaycan Ermənistanı sərhəd məntəqəsində təxribatlara son qoymağa çağırıb
Qahirə, 3 iyun, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” portalında Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən ölkəmizin Kəlbəcər rayonu istiqamətində əl atılan növbəti təxribata münasibəti haqqında xəbər yayımlanıb.
AZƏRTAC-a istinadla yayımlanan xəbərdə qeyd olunur ki, Azərbaycanın xarici siyasət idarəsinin məlumatında 2021-ci il iyunun 1-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində növbəti təxribatının qarşısının alındığı bildirilib. Belə ki, 40-a yaxın şəxsi heyətlə Azərbaycan ərazisinə daxil olan erməni silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin dərhal və silah tətbiq etmədən həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin ərazisindən çıxarılıb.
Xəbərdə vurğulanıb ki, Azərbaycan tərəfi Ermənistanı beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, sərhəd məsələsində gərginliyi əsassız şəkildə artırmaqdan çəkinməyə və sərhəd məntəqəsində təxribatlara son qoymağa çağırıb, eyni zamanda, iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiya prosesinin başlanmasının tərəfdarı olduğunu bəyan edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə