SİYASƏT


Əlcəzairli hüquqşünas: ABŞ Prezidenti Əlcəzair və Azərbaycanda törədilmiş cinayətləri soyqırımı adlandırmalıdır

Qahirə, 28 aprel, AZƏRTAC

“Əl Əxbariyə” nəşrində Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru, politoloq Yusif Xorinin ABŞ Prezidenti Co Baydenin Osmanlı imperiyasında 1915-ci ilin aprel hadisələrini “soyqırımı” adlandırmasını tənqid edən “Şüşə evdə yaşayanlar başqasının evinə daş atmasın” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, hüquqşünas həmin hadisələrin heç bir tutarlı sübut və fakt olmadan “soyqırımı” kimi qələmə verilməsinin siyasi oyunların bir hissəsi olduğunu yazıb. Professor qeyd edib: “Baydenin bəyanatını oxuyarkən məşhur aforizmi xatırladım: “Şüşə evdə yaşayanlar başqasının evinə daş atmamalıdır”. ABŞ-ın qaranlıq tarixi, keçmişdə qızıldərili insanlara qarşı törədilən qətliamlar, müasir dövrdə isə İraqda, Əfqanıstanda və digər ölkələrdə baş verən cinayətlər Birləşmiş Ştatların Prezidentinin “soyqırımı”nın adını çəkməyə hüququnun olmadığının sübutudur”.

Məqalədə diqqətə çatdırılır ki, 1915-ci ilin aprelində çoxlu sayda türk erməni quldur dəstələrinin vəhşiliklərinin qurbanı olub. Ermənilər də kütləvi qırğınlar haqqında heç bir fakt ortaya qoya bilməyiblər. Əlcəzairli professor daha sonra vurğulayır: “Belə olan halda, Co Bayden Fransanın Əlcəzairdə, ermənilərin Azərbaycanda törətdikləri kütləvi qırğınlara göz yummamalıdır. Elə ermənilər də vətəndaşı olduqları Osmanlı imperiyasına xəyanət edərək minlərlə dinc insanı vəhşicəsinə qətlər yetiriblər. Bunu sübut edən çoxlu sayda tarixi sənədlər mövcuddur. Bütün bunlar onu göstərir ki, ABŞ Prezidentinin sözügedən bəyanatı siyasi və diplomatik şantajdan başqa bir şey deyil”.

Professor Yusif Xori soyqırımı bəyanatları ilə çıxış edən siyasətçilərə məsləhət görüb ki, onlar imperialist güclərin əsrlər boyu öz müstəmləkələrində törətdikləri qətliamlara daha çox diqqət ayırsınlar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.