SİYASƏT


Əlcəzairli jurnalist: Azərbaycanın 44 günlük müharibədə Qələbəsi xalqın Vətən sevgisinin örnəyidir

Qahirə, 7 oktyabr, AZƏRTAC

Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi uğrunda Qələbə ilə başa çatdırdığı 44 günlük müharibə xalqın Vətən sevgisinin örnəyidir.

Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Əlcəzair beynəlxalq media şəbəkəsinin direktoru, Ərəb Jurnalistlər Federasiyasının Əlcəzair şöbəsinin rəhbəri Əbdülqədir Xəlil söyləyib.

Əlcəzairli jurnalist deyib: “Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin ildönümündə tarixi Qələbənin əhəmiyyətini diqqətə çatdırmaq istərdim. Əvvəla qeyd edim ki, şanlı Zəfər Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi müdrik siyasətinin və sərkərdəlik məharətinin nəticəsidir. Digər tərəfdən, Prezidentlə xalqı arasında həmrəylik, insanların öz Liderinə olan böyük etimadı Qələbəni şərtləndirən amillərdir. Müharibə günlərində dost Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləmişik. Rəhbərlik etdiyim beynəlxalq media şəbəkəsi və “Əl Hərir” portalı çoxlu sayda analitik məqalə, eyni zamanda müharibənin gedişi barədə AZƏRTAC-ın paylaşdığı məlumatları yayımlayıb. Biz gündəlik olaraq rəşadətli Azərbaycan Ordusunun cəbhədəki hər bir qələbəsini diqqətlə izləyirdik və din qardaşlarımızın itkilərinin az olması üçün dualar edirdik.

Nəhayət, qədim Şuşanın azad edilməsi kimi xoş xəbərdən sonra Zəfər müjdəsini aldıq. Bu, Vətənə sədaqət, tarixdə əbədi qalacaq bir Qələbənin sevinci idi. Azərbaycan bir dövlət kimi öz gücünü bütün dünyaya göstərdi və Ermənistanın qəsb etdiyi torpaqları azad edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirdi. Beləliklə, 30 ilə yaxın müddətdən sonra haqq-ədalət öz yerini tapdı”.

Ə.Xəlil vurğulayıb ki, indi Qarabağ torpağı azaddır, Azərbaycanın bu bölgəsinin sakinləri rahat nəfəs alır və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işlərindən sonra öz doğma yurdlarına qayıtmağa hazırlaşırlar. “Biz bu prosesi də diqqətlə izləyirik. Azərbaycanın dövlət başçısının azad olunmuş ərazilərə səfərləri zamanı açılış və təməlqoyma mərasimlərini, habelə onun çıxışlarını mütəmadi olaraq yayırıq. Əminəm ki, ərazilərin bərpası tezliklə başa çatacaq, Ağdam, Şuşa, Cəbrayıl, Kəlbəcər və digər rayonlar öz əvvəlki görkəminə qayıdacaq, yaxın gələcəkdə Qarabağ torpağı hərb səhnəsi deyil, bütün dünyadan turistləri cəlb edən gözəl məkana çevriləcək.

Dost Azərbaycan xalqına qoşuluram və təkrar edirəm: “Qarabağ Azərbaycandır!”.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.