SİYASƏT


Əlcəzairli politoloq: Ermənistanın “ölüm maşını” yeni faciələr törədir

Qahirə, 8 iyun, AZƏRTAC

“Əl Əxbariyə” qəzetində Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru, politoloq Yusif Xorinun “Ermənistanın “ölüm maşını” yeni faciələr törədir” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı jurnalistlərin ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması faktını təhlil edən əlcəzairli beynəlxalq hüquq professoru yazır: “Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı və ötən ilin sonunda Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərdə basdırılmış minaların xəritələrini verməkdən imtinası yeni faciələrə səbəb olur. Mən əvvəllər də qeyd etmişdim ki, ermənilər beynəlxalq hüququn normalarını kobud şəkildə pozurlar. Eyni zamanda, dünya ictimaiyyətini, xüsusən müsəlman ölkələrini bu məsələ ilə bağlı Ermənistana təzyiq etməyə çağırmışdım. Müharibə bitib və atəşkəs rejimi davam edir, amma mülki şəxslər həlak olur və ya yaralanır. Qoy İslam aləmi bütün dünyaya car çəksin ki, Ermənistanın minaladığı ərazilərdə dinc azərbaycanlıların həyatı hər an təhlükədədir. Bir çoxları həmin minalardan əlil olur”.

Y.Xori təəssüflə vurğulayır ki, öhdəliklərini yerinə yetirməyən və beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistana qarşı hələ də heç bir sanksiya tətbiq olunmayıb. “Biz yalnız müəyyən təşkilatların və siyasətçilərin çağırışlarını eşidirik. Bu, vəziyyətin ciddiliyinə adekvat deyil və Ermənistana heç bir təsir etmir. Biz hazırda mülki əhalidən kütləvi qisasın alınmasının şahidi oluruq. Bu insanların yeganə “günahı” öz Ordusunun dədə-baba torpaqlarını azad etməsidir. Azərbaycanlıların başına gətirilən bu fəlakətin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmaması və Ermənistana qarşı sanksiya tətbiq edilməməsi təəccüb doğurur”, - deyə əlcəzairli hüquqşünas vurğulayır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.