SİYASƏT


Aleksa Beçiç: Monteneqro Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyib

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ceyhun Bayramov Azərbaycanın Monteneqro ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini bildirib. O, iki dövlət arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olmasından və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə edib. Nazir parlamentin sədrinin hazırkı səfəri çərçivəsində keçirilmiş görüş və müzakirələrin ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Monteneqro parlamentinin sədri Aleksa Beçiç səmimi salamlamaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri, habelə Baş nazir ilə keçirilmiş görüşlərə məmnunluqla istinad edib. Münasibətlərin inkişafında hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyəti xüsusilə vurğulanıb. Aleksa Beçiç Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində ölkəsinə göstərdiyi humanitar yardımı minnətdarlıqla qeyd edib.

Tərəflər iki ölkə arasında iqtisadi, sərmayə, nəqliyyat, enerji, humanitar, o cümlədən turizm sahələrində əməkdaşlığın inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İki ölkənin siyasi sahədə, eləcə də konsulluq sahəsində məsləhətləşmələri davam etdirməsinin vacibliyi qeyd olunub. Habelə iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsi baxımından hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmi vurğulanıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də 30 ilə yaxın davam edən işğala son verən 44 günlük müharibənin nəticələri, azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri, çoxsaylı məcburi köçkünlərin mümkün qədər qısa zamanda şərəfli və təhlükəsiz geri dönüşünü təmin etmək üçün hökumət tərəfindən görülən təxirəsalınmaz tədbirlər, o cümlədən ərazilərin minalardan təmizlənməsi sahəsində fəaliyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı atılan addımlar barədə məlumat verib.

Aleksa Beçiç dost Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü Monteneqronun hər zaman dəstəklədiyini qeyd edib. O, ölkəsinin sülh və dialoqun gələcəyinə inandığını vurğulayıb, bu xüsusda bölgədə sülh quruculuğu fəaliyyətində Azərbaycana uğurlar arzulayıb.

Monteneqro Parlamentinin sədri Azərbaycan xarici işlər nazirini ölkəsinə səfərə dəvət edib.

Nazir Ceyhun Bayramov dəvətə görə təşəkkürünü bildirib, Azərbaycanın ikitərəfli əlaqələrin daha da inkişafına hazır və sadiq olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.