İDMAN
Aleksander Çeferin: UEFA təşkilatın əsas dəyərlərini qorumaqda davam edəcəkdir
Bakı, 7 fevral, AZƏRTAC
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) bundan sonra da bərabərlik və tolerantlıq prinsiplərini qorumaqda davam edəcəkdir.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin təşkilatın Romada keçirilən konqresində özünün 2016-2019-cu illərdəki fəaliyyətinin yekunları barədə danışarkən bildirib.
Çeferin konqres üzvlərinə müraciətlə deyib: “2016-cı ildə siz etimad göstərərək məni prezident postuna seçdiniz. O vaxt böhran dövrü idi. Lakin böhran yaxşılığa doğru dəyişmək üçün bir fürsətdir. Biz qərara gəldik ki, fəaliyyətimizin bünövrəsində ehtiram olmalıdır. Bu səbəbdən də biz UEFA-da şəffaflığın artırılması üçün bir sıra təkliflər hazırladıq”.
“Əlbəttə, hər hansı bir sistemdə olduğu kimi, bizim də zəif tərəfimiz var. Dopinq, əvvəlcədən danışılmış oyunlar, korrupsiya – bütün bu hallar yolverilməzdir. Onlara qarşı mübarizə aparan orqanlar qətiyyətlə və ciddi surətdə hərəkət etməlidirlər”, - deyə UEFA-nın rəhbəri bildirib.
“Biz bundan sonra da həm futbol meydançasında, həm də onun hüdudlarından kənarda bərabərlik, tolerantlıq kimi UEFA-nın əsas dəyərlərini qoruyacağıq. Mən 2016-cı ildən başlayaraq fəaliyyətimin qısa icmalını təqdim etdim. Ümid edirəm ki, bu, bizim ümumi işimizin yalnız başlanğıcıdır”, - deyə sonda Çeferin bildirib.
A.Çeferin UEFA prezidenti postuna ilk dəfə 2016-cı ilin sentyabrında seçilib. Bu gün Roma konqresində təşkilatın rəhbəri postuna yeni seçkilər keçirilib. Çeferin yenidən UEFA-nın prezidenti olub.