REGİONLAR


Aleksandr Dümanın çimdiyi, ermənilərin qubalıları buxarda boğduğu hamamdan reportaj VİDEO

Quba, 7 dekabr, Elxan Yusifli, AZƏRTAC

Quba şəhərindəki “Günbəzli hamam” bölgəyə gələn xarici turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir. Şərq memarlığının incilərindən sayılan abidə XVIII-XIX əsrlərə aiddir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Günbəzli hamam” el arasında “Çuxur hamam”, “Bəkir hamamı”, “Məşədi Əlimərdan hamamı” kimi də tanınır.

Hamam Quba şəhərinin mərkəzində, Musabəyov və Ərdəbil küçələrinin kəsişməsində yerləşir. 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Sonra kanalizasiya xətti tutulduğundan fəaliyyətini dayandırıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin Quba bölgəsi üzrə baş mütəxəssisi Rüstəm Melikov bildirib ki, 1986-1987-ci illərdə hamamda təmir-bərpa işləri aparılıb. 2018-ci ildə isə “Günbəzli hamam” xarici görünüşündə dəyişiklik edilmədən yenidən əsaslı bərpa olunub.

“Unikal tarixi abidələrimizdən biridir. Bir çox tarixi hadisələrə şahidlik edib. Məlumat üçün bildirim ki, fransız yazıçısı Aleksandr Düma Qafqaza səfəri zamanı bu hamamdan istifadə edib. Bundan başqa, yerli əhalinin sözlərinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı insanları bu hamamın buxarında boğublar”, - deyə Rüstəm Melikov söyləyib.

“Günbəzli hamam” ümumi zalından başqa, bəylər üçün nəzərdə tutulan dörd, istirahət və çay içmək üçün daha üç otaqdan ibarətdir. Böyük və kiçik olmaqla, iki tağdan ibarət birmərtəbəli hamamın 1 qapısı, 6 pəncərəsi var.

Qırmızı kərpicdən inşa olunduğundan qubalılar bu hamama “Qırmızı hamam” da deyirlər. Hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib.

“Günbəzli hamam” Qubadakı turizm marşrutları üzrə səyahət edən xarici turistlərin diqqətini çəkir.

İspaniyalı David Moya Qubadakı Şərq memarlıq üslubunda olan tarixi abidələrlə tanışlıqdan böyük zövq aldığını söyləyir: “Qubada inşa olunan “Çuxur hamam”ın qırmız kərpicdən tikilməsi onun özünəməxsus xüsusiyyətlərindəndir. Ona görə də bu hamam sərindir. Oval şəkilli günbəzlərinin hündürlüyü 9 metrdir. Bu, qeyri-adidir. Burada isti və soyuq su var. Burada bir-birini tamamlayan sadə memarlıq elementləri də var. Mən burada olmaqdan böyük zövq aldım”.

Digər ispaniyalı turist Diego Bosta da tarixi tikilinin gözəlliyinə heyran qalıb. “Mən buranı görəndə heyrətləndim. “Günbəzli hamam” çox gözəldir. Azərbaycanda gördüyümüz ən gözəl tarixi abidələrdən biridir. Mən hər kəsə bu gözəl ölkəyə - Azərbaycana, o cümlədən Qubaya gəlməyi tövsiyə edirəm”,-deyə Diego Bosta söyləyib.

“Günbəzli hamam”ın qızdırılmasında odundan istifadə olunub. Sobadan hamamın döşəməsi boyunca istiliyə davamlı kərpicdən kanallar çəkilib. Bununla da sobadan çıxan istilik həm də döşəməni qızdırıb.

“Günbəzli hamam” Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.