İDMAN


Aleksandr Dyukov Rusiya Futbol İttifaqının FIFA və UEFA ilə məhsuldar əməkdaşlığına ümid edir

Bakı, 22 yanvar, AZƏRTAC

Rusiya Futbol İttifaqının (RFİ) prezidenti vəzifəsinə namizəd Aleksandr Dyukov Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) və Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) ilə məhsuldar əməkdaşlığa ümid edir.

AZƏRTAC xəbər verir ki, bu barədə A.Dyukov Xabarovskda Uzaq Şərq regional futbol federasiyalarının rəhbərləri ilə görüşdən sonra jurnalistlərə bildirib.

Sankt-Peterburqun “Zenit” klubunun direktorlar şurasının sədri, “Qazprom neft” şirkətinin başçısı Aleksandr Dyukov RFİ rəhbərliyinə yeganə namizəddir. Seçkilərdə iştirakla əlaqədar müraciətlərin qəbulu yanvarın 13-də, namizədlərin qeydiyyat proseduru isə yanvarın 16-da başa çatıb.

“Əgər biz inkişafdan, hansısa dəyişikliklərdən danışırıqsa, o zaman bu məsələlərin öhdəsindən gələ bilən əlavə işçi qüvvəsi lazımdır. Bu məsələlərə əlavə maliyyə lazımdır, biz onların üzərində də işləyəcəyik. Əgər mənbələrdən söhbət gedirsə, biz FIFA və UEFA ilə əməkdaşlığa böyük ümidlər bəsləyirik. Biz, həmçinin sponsorlar ilə işləri fəallaşdırmağı planlaşdırırıq. Müəyyən razılaşmalar var və sponsorlardan RFİ-yə əlavə daxilolamaların miqdarının artacağına ümid bəsləyirik”, - deyə A.Dyukov bildirib.

O, 2018-ci il dünya çempionatının Rusiyada futbolun inkişaf perspektivləri üçün əhəmiyyətini qeyd edib. A.Dyukov deyib: “Dünya birinciliyi bizə təkcə yığmamızın gözəl çıxışlarını bəxş etmədi, həm də futbolun Rusiyada əsas idman növü olmasını təsdiqlədi. Ən yaxşı, rahat arenalar tikildi ki, bu da yekunda futbolumuzun inkişafına güclü təkan verir. Bizim birinci dərəcəli vəzifəmiz bu hərəkatı və irsi qoruyub saxlamaqdır”.

“Lap bu yaxınlarda qəbul edilən 2030-cu ilədək futbolun inkişafı strategiyası var. Ola bilər ki, bu, ideal sənəd deyil, lakin bu ehkam deyil və bizim bu sənədə təkrar nəzər yetirmək və aktuallaşdırmaq hüququmuz var. Bu sənədə daxil edilən tədbirlər düzgün seçilib, sadəcə onları həyata keçirmək lazımdır. Bütün bunlar üçün isə idarəetmə resursu lazımdır və müvafiq qərar qəbul olunacaq”, - deyə A.Dyukov yekunlaşdırıb.

RFİ-nin fevralın 22-də təşkil olunacaq hesabat-seçki konfransında təşkilatın rəhbərliyinə seçkilər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.