SİYASƏT
Aleksandr Giboi: Yalan xəbərlərin qarşısının alınmasında informasiya agentliklərinin böyük rolu var
Bakı, 26 oktyabr, AZƏRTAC
Feyk xəbərlərlə mübarizədə informasiya agentliklərinin böyük rolu var. Lakin bunun üçün agentliklər daim inkişafda olmalı və yalan məlumatlar yayan resurslardan bir addım irəlidə getməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rumıniyanın AGERPRESS agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda keçirilən işçi sessiyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, yalan informasiya aldadıcı, müəyyən maraqlara xidmət üçün istifadə olunur. Feyk xəbər insanların həyatına və hətta dövlətlərin işinə təhlükə yaradır. “Müasir dövrdə KİV-lərə etibar azaldıqca xəbər standartları da aşağı düşür. Yalan xəbərlərin yayılmasında videolardan da istifadə olunur. Onların qarşısının alınmasında xəbər agentliklərinin çox vacib rolu var”, - deyə baş direktor bildirib.
Giboinin sözlərinə görə, elə saytlar var ki, onların işi feyk xəbərlər yaymaqdır: “Yalan məlumat çox uzun müddətdir mövcuddur. Sadəcə, texnologiyalar dəyişib. Agentlik xəbərləri daha dəqiq və səlis olmalıdır. Mənbədən aralandıqca xəbərin dürüstlük faizi də azalır”.
Baş direktor deyib ki, yalan məlumatların qarşısını almaq üçün məlumatın açıqlığından istifadə etmək, auditoriyanı feyk xəbəri necə ayırd etməyi öyrətmək lazımdır.