SİYASƏT


Aleksandr Karavayev: Azərbaycan və Rusiya prezidentləri tərəfindən Soçidə imzalanan sənədlər münasibətlərimizi yeni səviyyəyə qaldırır

Moskva, 15 dekabr, AZƏRTAC

2018-ci ildə Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələnin əsası qoyulub. Ölkələrimiz iqtisadi məsələlər üzrə daha sıx qarşılıqlı fəaliyyət şəbəkəsinə keçirlər. Prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən Soçidə imzalanan sənədlər münasibətlərimizi yeni səviyyəyə qaldırır. Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində tanınmış politoloq, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev söyləyib.

Politoloq diqqətə çatdırıb ki, ilk növbədə, yol xəritələrindən söhbət gedir. O qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə iqtisadi-ticarət layihələrinin yeni mərhələyə keçməsi istiqamətində görüləcək tədbirləri bir daha diqqətə çatdırıb. Hər şeydən əvvəl, “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan iqtisadiyyatına Rusiya sərmayələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın SOCAR şirkəti isə Rusiyada metan zavodunun tikintisini planlaşdırır. Bu kontekstdə ticarətin həcmini genişləndirməkdən, həmçinin ticarət nümayəndəlikləri, xüsusi ticari təsisatlar arasında sıx qarşılıqlı fəaliyyət, kənd təsərrüfatı məhsullarının daşınması üçün xüsusi logistik mərkəzlərin yaradılması nəticəsində Azərbaycanın istehsal müəssisələri üçün Rusiya bazarlarında imkanların daha geniş spektrini əldə etməkdən danışmaq olar. Rusiya Azərbaycanın qeyri-xammal məhsullarının tədarükü üçün çox mühüm tərəfdaşdır”.

Ekspert vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması və mübahisəli məsələlərə dair razılıq əldə edilməsi nəticəsində neft-qaz sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı daha real görünür. A.Karavayev əlavə edib: “Məsələn, 2019-cu ildə “Rosneft” Azərbaycana maraq göstərsə, bu, məni heç təəccübləndirməz. Ölkələrimiz arasında rəqəmsal platformaların inkişafı sahəsində əməkdaşlığın yaxşı perspektivləri var. Düşünürəm ki, 2019-cu ildə rəqəmsal ticarət üzrə qarşılıqlı fəaliyyət güclənəcək”.

Politoloq hesab edir ki, Rusiya və Azərbaycan arasında fəal qarşılıqlı fəaliyyət nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında hərəkətlənmə meydana gələ bilər. “Azərbaycanın mövqeyi daha ucadan və aydın səslənə bilər. Paşinyanın hakimiyyətdaxili çəkişmələrə son qoyması, bütün səviyyələrdə öz kadrlarını yerləşdirməsi və Qarabağdakı “hakimiyyətlə” münasibətlərini qaydaya salmasından sonra hər hansı bir şans yarana bilər. Görünür ki, yeni hakimiyyətin orada da müəyyən problemləri var və onların arasında tez-tez anlaşılmazlıqlar baş verir. Bu siyasi silsilə başa çatdıqdan sonra nəyisə “təmiz səhifədən” başlamaq olar. Ola bilər ki, böyük məbləğdə maliyyə vəsaitlərinin axınını tələb edən islahatlara köklənmiş Ermənistanın yeni hökumətini nəqliyyat kommunikasiyalarının açılması üzrə Azərbaycanla razılıq əldə etməyin zəruriliyinə inandırmaq mümkün olsun”, -deyə Karavayev sözlərinə yekun vurub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.