CƏMİYYƏT
Aleksandr Koçkin: “Texmaş” konserni “ADEX-2018” sərgisində dünyada analoqu olmayan döyüş sursatları nümayiş etdirir
Bakı, 25 sentyabr, Əziz Məmmədov, AZƏRTAC
Mən bir sıra beynəlxalq müdafiə sərgilərində iştirak etmişəm və inamla deyə bilərəm ki, “ADEX-2018” sərgisinin təşkili dünya səviyyəsinə tamamilə müvafiqdir. Silah və hərbi texnika istehsal edən beynəlxalq şirkətlər bu sərgidə yetərincə geniş təmsil olunur. Bundan əlavə, burada silahların və hərbi texnikanın praktiki olaraq, bütün istiqamətləri tam əhatə olunub.
“Rostex” dövlət korporasiyasının “Texmaş” konserninin baş direktor müavini Aleksandr Koçkin bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.
Konsernin baş direktorunun müavini “ADEX-2018” III Azərbaycan beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən döyüş sursatları barədə də məlumat verib.
Aleksandr Koçkin deyib: “Texmaş” konserninin birgə ekspozisiyasına holdinqin “SPLAV” Elm İstehsalat Birliyi (EİB), “V.V.Baxirev adına Elmi-Tədqiqat Maşınqayırma İnstitutu”, “POİSK” EİB kimi müəssisələrində hazırlanmış hərbi təyinatlı məhsullar daxildir. Bakıda keçirilən “ADEX-2018” sərgisində bizim konsern dünyada analoqları olmayan döyüş sursatları təqdim edəcək. Məsələn, “Qrad” raket-zenit sistemləri üçün mərmilər, cəbhə və ordu aviasiyasının döyüş əməliyyatları üçün raketlər, səhra və dəniz artilleriyası üçün partladıcılar nümayiş etdiriləcək. Sərgidə təqdim edilən nümunələr arasında zirehsiz texnikanın və zirehli transportyorların, artilleriya və minomyot batareyalarının, komanda məntəqələrinin və digər hədəflərin cəmləşdiyi yerlərdə onların məhv edilməsi üçün nəzərdə tutulan son dərəcə güclü “Qrad” sisteminin 9M521 qəlpəli-fuqas reaktiv mərmi də var. Bu mərmi -50 dərəcədən +50 dərəcəyədək temperaturda 40 kilometrədək məsafədə yerləşən hədəfi məhv etmək üçün tətbiq oluna bilər. Konsern nüfuzedici mərmili-fuqas döyüş hissəsinə malik olan 80 mm kalibrli yeni nəslə aid S-8OFP markalı idarə edilə bilməyən aviasiya raketini də təqdim edir. Bu məmulat qarışıq tipli bərk yanacaqla işləyən kiçikqabaritli yüksək energetik mühərrik bazasında hazırlanıb. S-8OFP tək və qrup halında hədəflərin: canlı qüvvənin, açıq məkanda və ya örtülü fortifikasiya qurğularında olan zirehsiz və yüngül zirehli texnikanın, habelə suüstü gəmilərin məhv edilməsi üçün nəzərdə tutulub. Bu cür çoxfunksiyalılıq sayəsində əvvəlki nəslə mənsub raketlərin 3 tipinin xassələri bir raketdə cəmləşir. Bütün bunlar 1980-ci illərdə yaradılmış idarə edilə bilməyən aviasiya raketləri ilə müqayisədə təyyarə uçuşlarının sayını iki-üç dəfə azaltmağa imkan verir. Raket B8M-1 və B8V20-A toplarının ştat bloklarından tətbiq edilir. Bundan əlavə, “Texmaş” bir neçə növ, o cümlədən yaylım atəşi dəniz reaktiv sistemləri üçün UDV-60 tipli partladıcılar nümayiş etdirilir. Bu qurğu suüstü və ya sualtı hədəflərlə (15-350 metr dərinliklərdə) kontakt zamanı mərminin döyüş hissəsinin effektiv partladılmasını təmin edir. Ekspozisiyanın bir hissəsi tankvuran və tank əleyhinə toplar, habelə səhra artilleriyası üçün atışlardan ötrü ayrılıb”.