SİYASƏT
Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ermənistan üçün növbəti sarsıdıcı məğlubiyyətdir
Bakı, 9 fevral, AZƏRTAC
Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır.
Bu fikri AZƏRTAC-a açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
Elçin Əhmədov qeyd edib ki, A.Lapşinin ekstradisiyası Prezident İlham Əliyevin prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirdiyini, hər zaman qətiyyətli mövqe ortaya qoyduğunu bir daha göstərdi. Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev ölkəmizin milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, beynəlxalq arenada effektli və ləyaqətli siyasət yürüdən, dünyada böyük hörmət və nüfuza malik siyasi liderdir.
Bu hadisə, eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək ölkəmizin ərazi bütövlüyünə, qanunlarına hörmətsizlik edənlərə, xüsusilə təcavüzkar Ermənistana bir xəbərdarlıqdır. Ermənistanın bütün cəhdlə bu hadisəni siyasiləşdirməyə cəhd göstərməsinə baxmayaraq, bu cür məsələlər beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənir.
“Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi həm də Azərbaycan ilə Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir. Həmçinin Prezident Aleksandr Lukaşenko bununla güclü siyasi lider olduğunu, Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq qanunvericiliyə hörmət etdiyini, heç bir xarici qüvvə qarşısında əyilmədiyini bir daha bütün dünyaya göstərdi”, - deyə Elçin Əhmədov vurğulayıb.