DÜNYA


Aleksandr Novak: 2020-ci ildən “TurkStream”in iki xətti ilə təbii qaz tədarükünə başlanacaq

Bakı, 10 oktyabr, AZƏRTAC

2020-ci il yanvarın 1-dən “Türk axını” qaz boru kəmərinin (“TurkStream”) iki xətti ilə təbii qaz tədarükünə başlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalına müsahibəsində Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Nazir bildirib ki, layihə çərçivəsində ikinci boru kəmərinin mümkün marşrut variantları üzrə ölkələrlə danışıqlar hələ də davam edir: “Müxtəlif variantlar var. İlk marşrut Yunanıstan vasitəsilə İtaliyayadək nəzərdə tutulur. İkinci variant isə boru kəmərini Bolqarıstan üzərindən Serbiya, Macarıstan və Avstriyaya uzatmaqdır. Bizim prioritetimiz Bolqarıstan üzərindən Avstriyayadək boru kəməri çəkməkdir”.

“Layihə qrafik üzrə irəliləyir. 2020-ci il yanvarın 1-dən etibarən iki boru kəmərindən 31,5 milyard kubmetr təbii qaz tədarükünə başlana bilər”, - deyə A.Novak əlavə edib.

Qeyd edək ki, Rusiyanın “Gazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller ötən həftə deyib ki, “TurkStream”in dəniz hissəsinin tikintisi iki ay ərzində başa çatacaq.

Ümumi uzunluğu 1100 kilometr olacaq “TurkStream” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. “TurkStream”in dəniz borularını “Pioneering Spirit” gəmisi düzür. Rusiyanın xüsusi iqtisadi zonasında “TurkStream”in ikinci xətti tikintisi yekunlaşıb. İndiyə qədər iki xətt üzrə 1520 kilometrdən çox boru döşənib, yəni “TurkStream”ın dəniz hissəsinin 80 faizi tamamlanıb.

Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Boru kəmərinin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq.

Türkiyədəki təbii qaz qəbulu terminalı İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin “Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburqazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.“TurkStream” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır. Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı “Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. “Gazprom” cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək.

Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. “TurkStream” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir. Boru kəməri ilə qaz nəqlinin 2019-cu ilin dekabr ayından başlayacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.