İQTİSADİYYAT


Aleksandr Novak: OPEC+ üzrə neft hasilatı yenidən artırıla bilər

Bakı, 27 iyul, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri yenidən neft hasilatını artıra bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

OPEC-lə əldə edilən son razılaşma çərçivəsində OPEC+ üzrə neft hasilatının cari ilin sonuna qədər gündəlik 1 milyon barrel artırıldığını xatırladan nazir bildirib: “Hələ ki bu qərarı tətbiq edirik. Lakin neft bazarında yaşanan inkişaflar fonunda istehsalın daha da artırılması qiymətləndirilə bilər. Biz Liviyada və digər ölkələrdəki prosesləri izləyirik”

ABŞ-ın İrana qarşı tətbiq etməyi planlaşdırdığı sanksiyaları da şərh edən A.Novak deyib: “Məncə neft bazarı bu ehtimalı nəzərə alacaq qiymətləndirilib. Bunun neftin qiymətinə çox təsir edəcəyini düşünmürəm”.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən ilin noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Yenilənmiş razılaşma üzrə Rusiya neft hasilatını gündəlik 200 min barrel artırmağı nəzərdə tutur. Rusiya yeni sazişi nəzərə alaraq builki neft istehsalı üzrə proqnozunu 3,5 milyon ton artıraraq 551 milyon tona çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.