İQTİSADİYYAT
Aleksandr Oxrimenko: Enerji resursları hasilatında zəngin təcrübəyə malik olan Azərbaycan və Türkmənistan Avropa İttifaqına real kömək edə bilər
Kiyev, 22 yanvar, AZƏRTAC
Azərbaycan ilə Türkmənistan arasında sazişi yalnız alqışlamaq olar. Bu saziş Xəzər dənizində karbohidrogenlərin birgə hasilatının və Avropa İttifaqına nəqlinin təmin olunmasına real kömək edə bilər.
Ukrayna analitik mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, enerji resursları hasilatında zəngin təcrübəyə malik olan Azərbaycan və Türkmənistan indiki şəraitdə Avropa İttifaqına real kömək edə bilər.
Ekspert qeyd edib ki, enerji resurslarını başqa ölkələrdən, o cümlədən Türkmənistandan və Azərbaycandan almaq Avropa üçün sərfəli olar, çünki bu, enerji resursları ilə təchizatı şaxələndirməyə kömək edər.
Xatırladaq ki, yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev