SİYASƏT
Aleksandru Giboi: Yalan informasiyadan müəyyən maraqlar üçün istifadə olunur
Buxarest, 21 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən və artıq ənənə halı almış Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyəti düşündürən qlobal problemlərin həlli yollarının tapılması istiqamətində səmərəli müzakirələrin aparılması baxımından çox mühüm platformadır. Dünyaya önəmli sülh və dostluq mesajları verilən bu Forumun əhəmiyyəti ondan ibarətdir ki, burada humanitariyanın bir çox sahələri ilə yanaşı, media ilə bağlı mühüm məsələlərin müzakirəsi də diqqət mərkəzində olur. Bu nəcib təşəbbüsə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
Bu sözləri Rumıniyanın AGERPRES milli xəbər agentliyinin sabiq baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi, VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Aleksandru Giboi AZƏRTAC-a müsahibəsində söyləyib.
Aleksandru Giboi deyib ki, Forum çərçivəsində AZƏRTAC tərəfindən təşkil olunmuş "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyada medianın gələcəyi ilə bağlı çox mühüm məsələlər müzakirə olundu. Mən də bu sessiyada çıxış etdim. Dəvətə və işçi sessiyanın yüksək səviyyədə təşkilinə görə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova təşəkkür edirəm.
A.Giboi deyib: "Forum yüksək səviyyədə keçdi. "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiyanı isə Humanitar Forumun güzgüsü adlandırmaq olar. Fikir mübadiləsində iştirak etmək, dünya xalqlarının nümayəndələri ilə görüşmək, təcrübəmizi paylaşmaq son dərəcə vacibdir. Kommunikasiya hər hansı bir problemin həllində açar rolunu oynayır".
İşçi sessiyanın mövzusuna toxunan A.Giboi yalan informasiyadan müəyyən maraqlar üçün istifadə olunduğunu bildirərək deyib: “Feyk xəbərlər insanların həyatına, hətta dövlətlərin fəaliyyətinə təhlükə yaradır. Onların qarşısının alınmasında xəbər agentlikləri çox vacib rol oynayır. Bu möhtəşəm forum çərçivəsində medianın problemlərinə xüsusi yer ayrılması çox sevindiricidir”.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest