SİYASƏT


Aleksey Juravlyov: Cinayətə məsul olan siyasi və hərbi rəhbərlik cavab verməlidir

Bakı, 18 fevral, AZƏRTAC

Rusiya Federasiyası Dövlət Dumasının üzvü, “Rodina” partiyasının sədri Aleksey Juravlyov Azərbaycana səfəri çərçivəsində Bərdə şəhərində olub. Qırx dörd günlük müharibə zamanı cəbhə xəttindən 40 km uzaqda yerləşən Bərdə şəhəri oktyabrın 28-də erməni işğalçılarının raket atəşinə tutulmuş, nəticədə 5-i qadın olmaqla, 22 mülki şəxs həyatını itirmiş, 70 adam yaralanmış, 30-dan çox mülki obyekt, 20-dən çox yaşayış evi dağıdılmış, o cümlədən 22 nəqliyyat vasitəsinə ziyan vurulmuşdur.

AZƏRTAC xəbər verir ki, müharibə vaxtı intensiv şəkildə “Toçka U” və “Smerç” raket zərbələrinə məruz qalmış şəhərin mərkəzi meydanında və bazarında olan rusiyalı deputat bildirib: “Bunlar avtomatdan atılmış təsadüfi güllələr deyil, müharibə cinayətidir. Buna görə, cinayətə məsul olan siyasi və hərbi rəhbərlik cavab verməlidir”.

Sonra Dövlət Dumasının deputatı raket zərbəsi nəticəsində tamamilə dağılmış restoranda olub. Qeyd edək ki, raket xarici jurnalistlərin oraya gəlməsindən 30 dəqiqə əvvəl bu obyektə düşüb.

Bərdə şəhərinə səfərinin sonunda Juravlyov oğlunu itirmiş ailəyə baş çəkib. Raket onların həyətinə düşüb və gənc oğlanı xilas etmək mümkün olmayıb. Deputat günahkarların müvafiq cəza alacaqlarına ümid etdiyini bildirib.

Gördüklərindən sarsılan deputat deyib: “Aydın görünür ki, yaxındakı hərbi obyektlər şəhərdən onlarca kilometr kənarda yerləşir. Bu, atəş haqda əmr verənlərin dinc əhaliyə düşünülmüş surətdə zərbə endirdiklərini göstərir. İstintaq aparılmalı və bütün günahkarlar cəzalandırılmalıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.