SİYASƏT


Aleksey Naumov: Həqiqəti göstərmək, obyektiv informasiyanı çatdırmaq istəyən jurnalistlərin həlak olması dəhşətdir

Moskva, 8 iyun, AZƏRTAC

Cənubi Qafqazda baş verən son hadisələr dünya ictimaiyyətinin bu regiona daha çox diqqət ayırmasının zəruriliyini aktuallaşdırdı. Elə düşünmək lazım deyil ki, Azərbaycan öz torpaqlarını geri almaqla münaqişənin tarixi bitdi. Görünür, bir çox dövlətlərin, dövlətlərarası təşkilatların, o cümlədən Minsk qrupunun diplomatik səyləri tələb olunur. Minsk qrupu ilə fəaliyyətə başlamaq yaxşı olardı.

Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində “Kommersant” qəzetinin şərhçisi Aleksey Naumov bildirib.

A.Naumov Azərbaycanın Kəlbəcər rayonunda həlak olan jurnalistlərin ailələrinə başsağlığı verərək deyib: “Həqiqəti göstərmək, obyektiv informasiyanı çatdırmaq istəyən jurnalistlərin həlak olması həmişə dəhşətdir. Onlar münaqişə tərəflərindən birinin öz vəzifələrini yerinə yetirməməsi səbəbindən əziyyət çəkməyə məcburdurlar. Ermənistan ya minalanmış ərazilərin xəritələrinin olmadığını etiraf etməli, ya da bu vəziyyətin düzəlməsi üzrə konstruktiv işə başlamalıdır. Cəmiyyətin, dövlətlərin və dövlətlərarası təşkilatların diqqətini bu məsələyə çəkmək lazımdır. İmkan verilməməlidir ki, dünya xəritəsində Cənubi Qafqazın yaralarının hələ də qanaması yaddan çıxarılsın”.

Jurnalist ümidvar olduğunu bildirib ki, illər sonra bu region yenidən inkişaf edəcək. O deyib: “Qarabağın müharibə, dağıntılar, problemlər diyarına deyil, yenidən bülbüllər diyarına çevrilməsini istərdim”.

Cənubi Qafqazda qarşılıqlı iqtisadi fəaliyyət mövzusuna toxunan A.Naumov vurğulayıb ki, siyasi nizamlama həmişə iqtisadi əməkdaşlıqla sıx bağlıdır. O deyib: “İqtisadiyyat Qafqazda sülhü bərpa edə biləcək əsas amildir. Qarşılıqlı iqtisadi fəaliyyəti təşviq etmək lazımdır. Bəzən, tərəflərin hər hansı birindən olan siyasətçilər bunu əngəl yaratdıqları halda, xarici aktorlar, məsələn, Rusiya öz tərəfdaşlarına təsir göstərə bilər. Çünki iqtisadi kooperasiya hamıya sərfəlidir. Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası Ermənistana da, Azərbaycana da, Rusiyaya da, bütün xarici aktorlara da sərfəlidir. Sülhə qarşı ən qorxulu sabotaj, - hansı ki, bunu indi yaratmaq olar, - məhz iqtisadi inteqrasiyanın sabotajıdır. Çünki o, həmişə xalqları və ölkələri sülhə məcbur edir. Cənubi Qafqazda sülhün yaranması iqtisadiyyata əsaslanır ki, bu da çox cəhətdən Rusiyaya da sərfəlidir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.