SİYASƏT
Aleksey Naumov: Qalib ölkə olan Azərbaycanın xalqı emosional yüksəliş mərhələsindədir
Moskva, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın Vətən müharibəsinin başlanması Cənubi Qafqaz tarixini durğunluq nöqtəsindən tərpətməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, “Kommersant” nəşrlər evinin icmalçısı, politoloq Aleksey Naumov bu fikri “Vestnik Kavkaza” agentliyinə müsahibəsində söyləyib.
Ekspert deyib: “İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz tarixini irəliyə aparıb. Aşkar görünür ki, 2020-ci il sentyabrın 27-nə qədər olan vəziyyət məntiqsiz və tarixi baxımdan əsassız idi. Məsələ təkcə onda deyil ki, təcavüzkar başqasının torpaqlarını işğal etmişdi. Dünya ədalətsizdir, bəzən belə olur ki, kiminsə torpağı onilliklər boyu işğal altında qalır, amma təcavüzkarı cəzalandıran tapılmır. Məsələ ilk növbədə ondan ibarətdir ki, işğalçı ölkə başqasının ərazisini ələ keçirməyi və öz əlində saxlamağı istər hərbi, istərsə də iqtisadi baxımdan bacarmazdı. Zəif ölkə olan Ermənistan ondan daha güclü olan Azərbaycanın torpaqlarını əldə saxlayırdı, özü də Bakı onilliklər boyu bu münaqişənin diplomatik həllini axtarır, Yerevan isə bu cəhdləri ləngidirdi”.
A.Naumov vurğulayıb: “İndi deyə bilərik ki, Cənubi Qafqazın tarixi yeni mərhələyə keçib. İndi Azərbaycan iqtisadi və hərbi qüvvə toplayıb, müvafiq siyasi güc əldə edib, öz torpaqlarını öz əli ilə geri alıb və regionun aparıcı ölkələrindən birinə çevrilib. Nəticədə, bütün regionda qüvvələr nisbəti dəyişib. Biz başa düşürük ki, Cənubi Qafqaz tanınmayacaq dərəcədə dəyişib, Ermənistan arxa plana, Azərbaycan isə ön plana keçib. İndi Qarabağ mövzusu bağlanıb, Qarabağ daha heç vaxt işğal edilməyəcək, lakin nüfuz dairələrinin yenidən bölüşdürülməsi ilə əlaqədar yeni mövzular yaranıb. Nələr baş verdiyini hələ müşahidə edirik, çünki bir ildən sonra regional balansın yeni mozaikası təzəcə formalaşır”.
Agentliyin müsahibi qeyd edib ki, Azərbaycan Vətən müharibəsinin başlanmasının birinci ildönümünü qarşılayır. Qalib ölkə olan Azərbaycanın xalqı emosional, vətənpərvər yüksəliş mərhələsindədir. Bu, ölkənin özünü qüdrətli hiss etməsi üçün çox vacibdir. İndi Azərbaycanda həm iqtisadi və siyasi suverenlik, həm də ideoloji dəyərlər baxımından suverenlik tam bərqərar olub. Azərbaycandan həm regional səviyyədə, həm də dünya səviyyəsində daha uzaqgörən, məsuliyyətli və qərarlar qəbul etməyə hazır olmalıdır. Region ölkələri və dünya dövlətləri sanki deyirlər: “Biz görürük ki, Azərbaycan özünü göstərir. Gəlin baxaq, o, regiona və dünyaya nə təklif edə bilər, özünü necə aparacaq”. Buna görə də Azərbaycan üçün böyük imkanlar və böyük məsuliyyət dövrü başlanır.
A.Naumovun fikrincə, Ermənistan öz məğlubiyyətinin başlanmasının ildönümünü tamam başqa ovqatda qarşılayır. Ekspert sonda deyib: “Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra hələ özünə gələ bilməyib, lakin onun özünə gəlməsi mümkün deyil. Görünür, indi bu respublika yeni reallıqla barışmalı olacaq. Lakin təəssüf ki, Ermənistan beynəlxalq cəhdlərini davam etdirir, ənənəyə görə güclü olduğu sahələrdə, yəni intriqalar və beynəlxalq təzyiq sahələrində qarşıdurmanı davam etdirməyə çalışır. Ermənistan öz yaralarını yalayır və heç kəs ondan hər hansı qətiyyətli hərəkət və igidlik gözləmir. İndi ondan ötrü yeni dövr başlanır - cari məqamda özünün tarixi əhəmiyyəti ilə barışmaq və öz səhvlərinin nəticələrini qiymətləndirmək dövrü”. .
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva