SİYASƏT
Aleksey Şvaryov: Azərbaycan Ordusu Ermənistanın istənilən təxribatına tutarlı cavab vermək iqtidarındadır
Kiyev, 13 iyul, AZƏRTAC
Azərbaycan Tovuz rayonunda hərbi təxribat törədən Ermənistana qarşı tutarlı cavabını verməlidir və inanıram ki, bunu da edib. Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında 1992-1994-cü illərdə Qarabağ döyüşlərində yaxından iştirak etmiş ukraynalı pilot, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov söyləyib.
Pilotun sözlərinə görə, Azərbaycan Ordusu bu gün regionda nüfuzuna və gücünə görə seçilir. Əgər Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini sülh yolu ilə azad etmək istəmirsə, Azərbaycanın Milli Ordusu hərbi yolla müharibə ilə torpaqları azad etməlidir.
A.Şvaryov deyib ki, Ermənistanın Azərbaycanın Tovuz bölgəsində törətdiyi təxribat region və dünya ölkələrinin sərt reaksiyasına səbəb olacaq.
“Hesab edirəm ki, bu gün Azərbaycanın nizamlı, müasir silahlara yiyələnmiş peşəkar ordusu var. Azərbaycan Milli Ordusu istənilən an işğal olunmuş torpaqlarını azad etməyə qadirdir”, - deyə ukraynalı hərbçi əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev