REGİONLAR


Ələşrəf Niftiyev: Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun qazandığı ardıcıl qələbələr Paşinyanı diz çökməyə vadar edir

Masallı, 10 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Ermənistan otuz ilə yaxındır ki, işğal etdiyi torpaqlarımızın geri qaytarılmasını bütün səylərə baxmayaraq, müxtəlif bəhanələrlə yubadırdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq konvensiyaları qulaqardına vuran düşmən havadarlarının himayəsi ilə nəinki danışıqlarda konstruktiv olmur, əksinə baş nazir Nikol Paşinyan bir az da irəli gedərək “Qarabağ Ermənistandır” deyə çərənləyirdi. Lakin Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe və yürüdülən siyasət, Azərbaycan Ordusunun cəbhədə qazandığı ardıcıl qələbələr onu diz çökməyə vadar edir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev hələ “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək qarşı tərəfi susdurmuşdu. Lakin ölkəsinin maraqlarına deyil, terroristlərə xidmət edən erməni baş nazir oyuncaq “Arsax” adlandırılan rejimlə birgə son illərdə Azərbaycanın sərhədlərinə, dinc əhaliyə qarşı təxribatlarını daha da artırdı. Nəhayət, bu il sentyabrın 27-dən bütün xəbərdarlıqlardan nəticə çıxarmayan təcavüzkarın silahlı hücumlarına kəskin cavab verildi.

Ə.Niftiyev vurğulayıb ki, haqq-ədalət tərəfində duran dövlətlər Azərbaycanın mövqeyini dəstəkləyir, digərləri isə Prezidentimizin çıxışlarından adekvat cavablarını alırlar. Azərbaycan Prezidentinin oktyabrın 9-da xalqa müraciətində vurğuladığı kimi: “Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz”.

Dövlət qulluğu təqaüdçüsü daha sonra deyib: “Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti ölkəmizin bütün vətəndaşları kimi, masallılılar tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanıb. Ali Baş Komandanımızın sərt mövqeyi, xalqımızın birliyi, ordumuzun əks hücumları ilə qazandığı qələbələr erməni faşizminə göz yumanlara bir mesajdır. Dövlət başçımızın çağırışlarına dəstək olaraq xalq-ordu birliyi nəticəsində vandal erməni xuntası susdurulur.”

75 yaşlı əmək veteranı fikrini belə tamamlayıb: “Azərbaycan Prezidentinin xalqa müraciətində deyildiyi kimi, “Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər - onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz”. Masallı rayonunun ağsaqqalları da işğalda olan torpaqlarımızın tam şəkildə geri qaytarılması üçün Ali Baş Komandanımızın qətiyyətli mövqeyini dəstəkləyirlər. Milli ordumuz çarəsiz, aciz Ermənistana öz yerini göstərir.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.