MƏDƏNİYYƏT
Alessandro Safinanın Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin repertuarı açıqlanmışdır VİDEO
Bakı, 17 yanvar (AZƏRTAC). İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safina fevralın 21-də Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcəkdir.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Alessandro Safina Bakıda təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını ifa edəcəkdir.
Müğənninin iki saatadək davam edəcək konsertində “Incanto”, “Memories”, “Luna”, “Besame Mucho”, “La Nave Va”, “Al Di La” və digər məşhur əsərlər səslənəcəkdir.
Qeyd edək ki, erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olmuş, Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etmişdir. O, klassik və populyar musiqi janrlarını sintez etməklə sənətdə “opera roku” adlandırılan yeni üslub yaratmışdır. Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı “Teatro Bibiena”da, Londondakı “Barbican Hall”da və digərlərində uğurla çıxış etmişdir. Müğənninin “Luna” sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth etmişdir.
Alessandro Safinanın konsertinin biletləri yanvarın 23-dən satışa çıxarılacaqdır. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından almaq olar.