İQTİSADİYYAT
Ələt Azad Ticarət Zonasına dair texniki-iqtisadi əsaslandırma və Baş Plan hazırlanacaq
Bakı, 7 sentyabr, AZƏRTAC
Ələt qəsəbəsində Azad Ticarət Zonasının yaradılmasına yönəlmiş məsləhətçi xidmətlərin göstərilməsinə dair Birləşmiş Ərəb Əmirliklərinin "DP World" şirkəti ilə müqavilə imzalanıb.
"DP World" şirkətlər qrupu dünyanın ən böyük konteyner terminallarının operatorlarından olmaqla ilk 10 operator sırasındadır və böyük təcrübəyə malikdir. Şirkətin 40-dan çox ölkədə 70-dən artıq terminalı var. Ələt qəsəbəsində Azad Ticarət Zonasının yaradılmasına yönəlmiş məsləhətçi xidmətlərin göstərilməsinə dair imzalanan müqavilə çərçivəsində şirkət tərəfindən xüsusi iqtisadi zonalara dair qanunvericilik təkmilləşdiriləcək, Ələt Azad Ticarət Zonasına dair texniki-iqtisadi əsaslandırma və Baş Plan hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 7-də Bakıda Ələt Azad Ticarət Zonasının yaradılması üçün məsləhətçi xidmətlərin göstərilməsinə dair müqavilənin imzalanması mərasimində bildirib.
"Bu işlərin 2017-ci ilin yanvarında yekunlaşdırılması nəzərdə tutulur. Məsləhətçi qismində Birləşmiş Ərəb Əmirlikləri şirkətinin seçilməsi həm də ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olması ilə bağlıdır. İşlər yanvar ayında başa çatacaq", - deyə nazir qeyd edib.