CƏMİYYƏT
Ələt qəsəbəsi ərazisində 2 ədəd raket aşkarlanıb
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 19-da saat 14:04-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətindən və saat 14:05-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yuxarıda adıçəkilən ərazidə yerləşən Şirvan Milli Parkının ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 140 millimetrlik raket (M-14) aşkar olunub. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketlərin tapıldığı yerin ətrafında 4 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən iyunun 19-dək ANAMA tərəfindən ümumilikdə 3 539 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 95 min 915 kvadratmetr ərazi yoxlanılıb.