SİYASƏT
Alfredo Nieves Portuondo: Forum dünyanı birliyə, sülhə və dialoqa çağırır
Bakı, 3 may, AZƏRTAC
Bu forum artıq beşinci dəfədir ki, keçirilir və ildən ilə nüfuzu artır. Dünyada mövcud vəziyyət elədir ki, tolerantlıq qorunmur, bununla yanaşı bir çox qruplaşmalar insanların sakitliyini pozur. Yaşadığımız dünyada hələ də müharibələrə çağırışlar səsləndirilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.
Dünya ictimaiyyətinin belə bir foruma ehtiyac duyduğunu vurğulayan diplomat deyib: “Azərbaycan hökumətinə belə bir forumu təşkil etdiyinə görə minnətdar olmalıyıq. İndi Bakı bütün dünyanın bir növ paytaxtına çevrilib. Bu görüş düşünənlər üçündür. Bu bir növ insanlara, bütünlükdə cəmiyyətə həyəcan siqnalı verən bir forumdur. Forum dünyanı birliyə, sülhə və dialoqa çağırır.
Səfir Mədəniyyətlərarası Dialoq Forumunun bütün dünyaya öz töhfəsini verəcəyinə inamını ifadə edib.