MƏDƏNİYYƏT
Əli Əhmədov: Bu forum Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan ehtiramının nümunəsidir VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Çox əlamətdar hadisədir ki, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarını azad etdi. Beləliklə, Nizami Gəncəvinin 880 illik yubileyi xüsusi bir şəraitdə - ərazilərimizin azad olunması şəraitində qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı Baş nazirin müavini Əli Əhmədov bildirib.
Nizami Gəncəvinin Azərbaycanın simvollarından biri olduğunu və yaradıcılığı daim ölkəmizlə bağlı olduğunu qeyd edən Ə.Əhmədov deyib: “Azərbaycanın hər bir vətəndaşı bu böyük şəxsiyyətlə qürur duyub və ölkəmizdə hər zaman ona ehtiram duyulub. Azərbaycanda Nizami Gəncəvinin adını daşıyan küçələr, məktəblər var. Bu ondan xəbər verir ki, Nizami Gəncəvi bilavasitə Azərbaycanla bağlı olub. Bakıda, dünyanın müxtəlif yerlərindən gəlmiş Nizamişünas alimlərin iştirakı ilə keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu bir daha göstərir ki, nəinki Azərbaycanda, qonşu ölkələrdə, eləcə də dünyanın çox yerində bu dahi ədibin irsinə böyük məhəbbət və sonsuz sevgi var. Bu forum Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan ehtiramının nümunəsidir”.
Nizami Gəncəvinin bu günün özündə də dünya üçün, tədqiqatçılar üçün çox ciddi araşdırma mövzusu olduğunu söyləyən Baş nazirin müavini bu baxımdan belə bir forumun keçirilməsinin çox böyük əhəmiyyət kəsb etdiyini söyləyib.