SİYASƏT


Əli Əhmədov: Gənclərin seçki kampaniyasında fəal iştirakı onlara siyasi fəaliyyətlərində böyük təcrübə qazandırır

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar partiyanın Gənclər Birliyinin nümayəndələri ilə görüşüb. Bu barədə Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

YAP-ın seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyən Əli Əhmədov gənclərin də bu kampaniyada iştirak payının vacibliyini vurğulayıb: “Çünki bu, siyasi partiyanın gənclər qolu olaraq təşkilatın vəzifəsidir. Ümumiyyətlə, biz bütün seçkilərdə gənclərin potensialından səmərəli istifadə etməyə çalışırıq. Qarşıdan gələn seçki kampaniyasında da belə olacaq. Eyni zamanda, gənclərin seçki kampaniyasında fəal iştirak etməsi onlara siyasi fəaliyyətlərində böyük təcrübə qazandırır”.

YAP sədrinin müavini qeyd edib ki, seçki kampaniyasına rəsmi start verildikdən sonra müəyyənləşdirilən qayda üzrə tədbirlər həyata keçiriləcək. YAP Gənclər Birliyinin fəalları seçki kampaniyasının müxtəlif mərhələlərində prosesə cəlb olunacaqlar. Belə ki, partiyanın namizədlərinin imzatoplama kampaniyasında, müşahidəçilik prosesində, namizədlərin təşviqat kampaniyasında və s. məsələlərdə gənclərin imkanlarından geniş istifadə ediləcək: “Partiyanın yerli strukturlarında seçki qərargahları fəaliyyətə başlayıb, gənclər bu qərargahların işində də yaxından iştirak edə, namizədlərə seçki kampaniyalarını uğurlu şəkildə aparmalarına yaxından dəstək ola bilərlər. Eyni zamanda, gənclər seçici kimi də böyük elektoratdır. Hesab edirəm ki, seçki kampaniyası dövründə gənclərin səsverməyə cəlb olunması üçün partiyanın Gənclər Birliyi fəal iş aparmalıdır. Bu mənada ilk dəfə səsvermə hüququ qazanan gənclər arasında təşviqatın aparılması məqsədəuyğundur”.

Əli Əhmədov qeyd edib ki, YAP Gənclər Birliyi öz fəaliyyəti ilə ölkənin ən güclü gənclər təşkilatı olduğunu bir daha sübut etməlidir.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək nəzərdə tutulan tədbirlər haqqında məlumat verib, eyni zamanda, bir sıra təkliflərlə çıxış edib. Gənclərin sosial şəbəkələrdə fəal iştirakı ilə bağlı müəyyən layihələrin olduğunu deyən S.Orucov region gəncləri ilə müxtəlif görüşlərin keçirilməsinin zəruri olduğunu söyləyib.

Sonda Əli Əhmədov YAP Gənclər Birliyinin layihələri ilə əlaqədar gənclərə tövsiyələrini verib.

YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı görüşdə iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.