SİYASƏT


Əli Əhmədov: Münaqişənin indiyədək nizama salınmaması, artan erməni təxribatları Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanlarını məhdudlaşdırır

Bakı, 15 sentyabr, AZƏRTAC

Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeni fazaya keçdiyi müşahidə edilməkdədir. Erməni təxribatlarının davamlı şəkildə genişləndirilməsi əvvəlki dövrlərdə qorunub saxlanan nisbi sabitliyi getdikcə daha artıq dərəcədə əvəz etməyə başlayıb. İki ay bundan əvvəl Azərbaycanın Tovuz rayonu istiqamətində erməni hərbi təxribatları nəticəsində baş verən döyüşlər, onun ardınca Ermənistanın silahlandırılması ilə əlaqədar üzə çıxan faktlar, Goranboy istiqamətində erməni diversantının saxlanılması münaqişə zonasında və münaqişə ilə əlaqədar erməni təxribatlarının kiçik siyahısıdır. Ermənistanın baş nazirinin tez-tez işğal zonalarına səfər etməsi, nizamasalma prosesinə daban-dabana zidd olan bəyanatlar səsləndirilməsi növbəti erməni təxribatlarının ayrılmaz tərkib hissəsinə çevrilib. Paşinyan hakimiyyətinin ilk aylarında xanım Paşinyanın “sülh çağırışlarının” son vaxtlar “Kalaşnikov” avtomatı ilə birlikdə çəkdirdiyi fotolarla əvəz olunması erməni təxribatının nə qədər eybəcər xarakter aldığından xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Baş Nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədovun son vaxtlar coğrafiyasını daha da genişləndirmiş və azğınlaşmış erməni təxribatları ilə bağlı rəsmi “Facebook” səhifəsində yaydığı “Erməni təxribatları və Minsk qrupunun susqunluğu” sərlövhəli məqaləsində yer alıb.

Erməni təxribatlarının təkcə Ermənistanın militarist səciyyə daşıyan ritorikasının və davranış tərzinin genişlənməsində müşahidə olunmadığını bildirən Əli Əhmədov qeyd edib: “Son vaxtlar Livandan erməni əsilli əhalinin Azərbaycanın işğal altındakı ərazilərinə köçürülməsi faktları münaqişənin nizama salınması prosesinə sarsıdıcı zərbə vuran misli görünməyən təxribatdan savayı bir şey deyil. Bütün dünyanın gözü qarşısında beynəlxalq hüququn kobud surətdə tapdalanması, yəni, işğal olunmuş ərazilərin məskunlaşdırılması prosesi baş verməkdədir. Ermənilər vaxtilə Cənubi Qafqazın demoqrafik vəziyyətini dəyişdirmiş köçürmə siyasətini XXI əsrdə təkrar etmək kimi təhlükəli perspektivlər vəd edən avantüra ilə məşğul olmaq niyyətinə düşüblər. Yaxın Şərqin son 50-60 illik tarixi bu oyunun acı nəticələrini təsəvvür etmək baxımından ibrətamiz nümunədir. Erməni siyasətçilərinin Cənubi Qafqazı fasiləsiz münaqişələr və müharibələr ocağına çevirmək cəhdləri diqqətdən yayınmamalı, bütün beynəlxalq təşkilatların və dünya birliyinin qəzəbinə tuş gəlməlidir.

Gündən-günə genişlənən və azğınlaşan erməni təxribatları fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nizama salmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun susqunluğu, bitərəf müşahidəçiyə çevrilməsi, yumşaq şəkildə desək, təəccüblü görünməyə bilməz. Onsuz da Minsk qrupu münaqişənin bu qədər uzanmasının, düzgün və ədalətli nizamasalma formulunu tapa bilməməsinin məsuliyyətindən yaxasını kənara çəkə bilməz. İndi isə onun gözləri qarşısında erməni tərəfi yeni, daha acı nəticələrə gətirib çıxara biləcək növbəti cinayəti törətməkdə davam etməkdədir.

Azərbaycan münaqişənin dinc yollarla, lakin ədalətli şəkildə, işğal olunmuş bütün torpaqların azad edilməsi şərti ilə nizama salınmasının tərəfdarıdır. Bəzi istisnalar olmaqla, 1994-cü ildən bu günə qədər davam edən atəşkəs rejimi bunun birbaşa təzahürüdür. Lakin münaqişənin indiyədək nizama salınmaması, getdikcə artmaqda və azğınlaşmaqda olan erməni təxribatları, habelə vasitəçilərin sükunəti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməkdə seçim imkanlarını məhdudlaşdırır. Azərbaycan işğal olunmuş torpaqlarını qaytarmalıdır və qaytaracaq. Əgər vasitəçilər və diplomatlar bu işdə öz təsirli sözünü deyə bilməsələr, qəhrəman Azərbaycan Ordusu öz şərəfli vəzifəsini yerinə yetirməli olacaq. 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşləri Ordumuzun nəyə qadir olduğunu nümayiş etdirib. Hərbçilərimizin həmləsi ilə ədalətin zəfər çalacağı heç kimdə zərrə qədər şübhə doğurmur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.