SİYASƏT
Manisada 27 Sentyabr - Anım Günü ilə əlaqədar aksiya keçirilib
İstanbul, 28 sentyabr, AZƏRTAC
Türkiyənin Manisa vilayətində 27 Sentyabr - Anım Günü ilə əlaqədar aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, “Savaşa dur de! Bayrağını da al gəl” şüarı altında keçirilən tədbir Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı, Manisa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə təşkil olunub.
Şəhərin “15 İyul Demokratiya Meydanı”nda baş tutan aksiyada media üçün açıqlama verilib.
Dərnəyin rəhbəri Şentürk Hoşgül tərəfindən oxunan açıqlamada bu günün Azərbaycan və türk dünyası üçün əhəmiyyətli bir tarix olduğu vurğulanıb.
Açıqlamada deyilir: “Bu Zəfər türk dünyasının hər bölgəsində sevinclə qarşılanıb, milli birliyimizi daha da gücləndirib. Çünki Azərbaycanın ərazi bütövlüyü, sadəcə, Azərbaycan üçün deyil, bölgədə sülhün və qalıcı sabitliyin təmin edilməsi, eləcə də türk dünyası üçün əvəzsiz şərtdir. Bütün dünya bilməlidir ki, Ermənistanın işğalçı bir dövlət olması Birləşmiş Millətlər Təşkilatının qərarı ilə açıq-aydın ortadadır. Azərbaycan müharibədən sonra imzalanan razılaşmanın şərtlərinə əməl etməkdədir. Bunun qarşılığında Ermənistan hakimiyyəti tərəfindən törədilən təxribatlar qəbuledilməzdir. Növbəti belə təxribat sentyabrın 13-ü gecəsi törədilib. Bu təxribatların əsas səbəbinin bölgədəki sabitliyin pozulması istiqamətində olduğu açıq görülməkdədir. Ermənistan bu təxribatlardan əl çəkməli, işğaldan azad edilən torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Erməni xalqına səslənərək hər fürsətdə Azərbaycan torpaqlarına qarşı təxribatlar törədərək sizləri yeni bir müharibəyə cəlb etmək istəyən hakimiyyət orqanlarınıza qarşı çıxın. Müharibəyə dur deyin. Onu da unutmayın ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu hər şəraitdə öz ərazi bütövlüyünü qorumağa qadirdir. Çünki Azərbaycan Nəsimidir, Füzulidir, Əhməd Cavaddır. Azərbaycan sərhəddə Mübariz, Nuru Paşanın daşıdığı o şanlı bayraqdır”.
Tədbirdə “Şuşa Azərbaycandır”, “Laçın Azərbaycandır”, “Qarabağ Azərbaycandır”, “Azərbaycan Türkiyədir” şüarları səsləndirilib. Türkiyənin Manisa üzrə dövlət rəsmiləri, siyasi partiyaların şəhər və rayonlar üzrə rəhbərləri, QHT-lərin nümayəndələri, tələbələr, yerli əhali və digərləri iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul