SİYASƏT


Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq – QHT-lərdən müraciət

Bakı, 27 sentyabr, AZƏRTAC

Bu gün səhər saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı hücuma keçmiş və yeni ərazilərimizi işğal etmək məqsədilə bütün sərhəd boyu hərbi obyektləri və mülki əhalini hədəfə almışdır. Azərbaycan Ordusu düşmənə ağır zərbələr vuraraq onu geri oturtmuş və bütün cəbhəboyu əks-hücuma keçmişdir. Daxil olan məlumatlara görə, düşmən birlikləri ciddi itkilər verərək geri çəkilir.

Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs savaşa başlayıb. Həlledici döyüşlərdə yüksək döyüş ruhuna malik Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı düşməndən azad edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər 1128 QHT-nin xalqımıza müraciətində yer alıb.

Müraciətdə deyilir: “Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda, şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Ordumuzun yanındadır. Bu gün bütün xalqımız, o cümlədən qeyri-hökumət təşkilatları bu müqəddəs savaşın önündə gedən, Vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir.

Bütün vətəndaşlarımızı, o cümlədən də cəbhəyanı rayonlarda yaşayan əhalimizi daha diqqətli olmağa və rəsmi məlumatlardan başqa heç bir xəbər və şayiələrə inanmamağa çağırırıq.

Bu bəyanatı imzalayan bütün QHT-lər Ali Baş Komandan əmr edəcəyi təqdirdə yaşımızdan asılı olmayaraq hamımız cəbhəyə getməyə, torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olduğumuzu bəyan edirik.

Biz torpağımızın sahibiyik, onun uğrunda ölməyə də, öldürməyə də qadirik!

Bu müqəddəs savaşda biz mütləq qalib gələcəyik!

Allah qəhrəman Ordumuzu qorusun və daim qalib etsin!

Əldə etdiyimiz ilkin qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu və xalqımızı ürəkdən təbrik edirik!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.