REGİONLAR


Ali Baş Komandanın Laçın səfəri müasir tariximizin şanlı səhifəsidir

Ağdam, 17 fevral, AZƏRTAC

Laçın rayonu 1992-ci ildə Şuşa şəhərinin işğal edilməsindən 10 gün sonra işğala məruz qaldı. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonunun coğrafi mövqeyi böyük strateji əhəmiyyət kəsb edir. Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Şuşa işğaldan azad edildikdən qısa müddət sonra Laçın da azadlığına qovuşdu. Bununla da, hazırda respublikamızın 58 rayonunda məskunlaşmış 80 minlik Laçın əhalisinin torpaq həsrətinə son qoyuldu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov AZƏRTAC-a açıqlamasında deyib.

Təşkilatın sədri bildirib ki, fevralın 14-də Laçın rayonunun Güləbird kəndi ərazisində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Su Elektrik Stansiyasının açılışı oldu. Prezident Güləbird kəndində çıxışı zamanı bildirdi ki, “Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın”.

Ali Baş Komandanın iradəsi və müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinə start verilib. Yol, işıq mədəniyyətdir. Prezidentin sərəncamlarına əsasən ilk olaraq işğaldan azad olunmuş torpaqlarımıza yollar çəkilməyə başladı. İlk Su Elektrik Stansiyası isə Laçında açılmaqla mesaj verildi ki, biz tutduğumuz yola sadiqik. Tarixi ədalət bərpa olunub. İndi isə bərpa işləri gedir. Bu Su Elektrik Stansiyası Laçın rayonunun cənubunun və ətraf ərazilərdə yerləşən digər infrastruktur layihələrinin elektriklə təmin edilməsində böyük əhəmiyyətə malikdir. Bu isə onu göstərir ki, bölgədə infrastrukturun inkişafı əsas prioritetdir və Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında buna nail olacağıq.

“Bu gün hər bir laçınlı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ cənnətə çevriləcək, işğaldan azad olunmuş bu gözəl məkanda həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri aparılacaq. Bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq”, - deyə İlqar İlyasov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.