ORDU
Ali Baş Komandanın tapşırığına əsasən müdafiə naziri hərbi hissələrdə tikinti işlərinin gedişini yoxlayıb VİDEO
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ali Baş Komandanın tapşırığına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissələrdə aparılan əsaslı tikinti işlərinin gedişi ilə maraqlanıb.
Nazirliyin rəhbərliyi əvvəlcə hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı, ailəli hərbi qulluqçular üçün inşa olunan, müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə tam təmin edilmiş mənzillərə baxış keçiriblər.
Sonra inşası davam etdirilən müasir tipli qərargah binası, əsgər yeməkxanası, kazarma, subay hərbiçilər üçün yataqxana kompleksi, qazanxana-camaşırxana və digər inzibati obyektlərdə olan müdafiə naziri işlərin qısa müddətdə başa çatdırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.