REGİONLAR
Əli Cabbarov: Naxçıvanda sosial məsafəli daxili turizmin inkişafı üçün geniş imkanlar var
Naxçıvan, 22 iyun, Rauf Kəngərli, AZƏRTAC
Bütün dünya ölkələrində yayılmış mövcud pandemiyanın davam etdiyi bir şəraitdə turizmin inkişafı məsələsi maraq doğurur. Bu istiqamətdə bir çox dövlətlərdə olduğu kimi, ölkəmizdə də daxili turizmin inkişafı perspektiv məqsədlər arasında yer almaqdadır. Bu mənada zəruri sosial məsafə şərtləri daxilində turların təşkilinə başlanılması Naxçıvan Muxtar Respublikasında daxili turizm üzrə mövcud resurslardan maksimum istifadə məsələlərini gündəmə gətirir. Çünki turizm və rekreasiya istənilən şərtlər daxilində hər bir insanın əsas tələbatlarından biridir.
Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan” Universitetinin dosenti, Rusiya Federasiyasının Sankt-Peterburq Beynəlxalq Turizm Akademiyasının üzvü Əli Cabbarov deyib.
Əli Cabbarov diqqətə çatdırıb ki, beynəlxalq turizmdən fərqli olaraq daxili turizm sırf ölkə daxilində həyata keçirilən səyahətlər hesabına formalaşır. Bu, ölkənin itirdiyi valyuta vəsaitlərinin qarşısını aldığı üçün idxaləvəzləyən turizm tipi də hesab olunur. Əcnəbi turistlərin səfərləri zamanı zəruri olan bir sıra ciddi rəsmiyyətçilik və tənzimləmə tədbirlərinə ehtiyac duyulmayan daxili turizmdə başqa ölkələrdən gələ biləcək hər hansı təhlükənin, o cümlədən turistlərin daşıyıcısı ola biləcəyi yoluxucu xəstəliklərin yayılması riski də olduqca aşağıdır. Ona görə də pandemiyanın və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamında daxili turizmin bundan sonrakı dövrdə prioritet olacağı göstərilib. Digər sahələrlə yanaşı, bu sahənin inkişafının dövlət tərəfindən dəstəklənməsi və özəl investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədəuyğun hesab edilib.
“Zəngin turizm ehtiyatlarına malik olan Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafını mövcud insan resursları, şəhər mədəniyyəti, müasir kənd infrastrukturu, sosial həyatdakı yüksək tələbatlar və xidmət sektorundakı peşəkarlıqla xarakterizə etmək mümkündür. Bu mənada, Naxçıvanın turizm cazibəsi kimi ölkəmizin vətəndaşlarının nəzərində ilk olaraq müqəddəs Əshabi-Kəhf ziyarətgahı, əzəmətli Haçadağ, əfsanəvi Əlincəqala, şəfalı Duzdağ, füsunkar təbiətə malik Şahbuz və Ordubad rayonları, nadir memarlıq inciləri, bənzərsiz dad-tamı olan Naxçıvan meyvələri və milli mətbəx nümunələrimiz canlanır”, - deyən “Naxçıvan” Universitetinin dosenti qeyd edib ki, bu ehtiyatlar, eləcə də Naxçıvanda son illərdə yaradılmış yüksək səviyyəli yol, rabitə, enerji infrastrukturu və sosial-mədəni şərait turizmin bir çox növləri üzrə geniş imkanlar yaradır. Ötən dövrdə bu şəraitdən istifadə olunmasının nəticəsidir ki, il ərzində Naxçıvana səyahət edən turistlərin sayı 400 mindən çox olub. Bu mənada, əldə edilmiş təcrübə, qazanılmış turizm imicinin verdiyi töhfə bundan sonrakı dövrdə daxili turizmin daha da inkişafına yol aça bilər. Buna əsaslanaraq deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası ölkəmizin turizm bazarı üçün geniş potensial vəd edir.
Turizmin insanların asudə vaxtlarının səmərəli təşkilinə və yeni iş yerlərinin yaradılmasına səbəb olduğunu vurğulayan Əli Cabbarov deyib ki, Naxçıvanda daxili turizmin inkişafı zamanı həm yerli sakinlərin, həm də ölkəmizin digər yerlərindən muxtar respublikaya gələn insanların sayı və onların səyahət motivlərinin yerli resurslar hesabına əvəz olunması imkanlarına baxmaq lazımdır. Getmə turizm istiqamətində naxçıvanlıların indiyə qədər ölkəmizin digər regionlarına, eləcə də Türkiyə və Gürcüstana etdikləri səyahətlərin daha sərfəli qiymətlər və daha təhlükəsiz şərtlər daxilində muxtar respublikanın turizm-rekreasya məkanlarında təşkili ilə əvəz olunması gələcəkdə qarşıya qoyulan vəzifələrdəndir. Eləcə də ölkəmizin digər yerlərindən Naxçıvana gələcək turistlərin sayının yaxın perspektivdə artacağı gözlənilir. Rəqabət baxımından daxili turizm bazarımızın dünya turizm bazarının bir hissəsi olduğunu nəzərə alsaq, buradakı servis qiymətlərinin və keyfiyyətinin yaxın gələcəkdə aparıcı faktor olacağını düşünmək olar.
Əli Cabbarov deyib: “Qarşıdakı dövrdə qış xizək turizminin də təşkil olunduğu Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə, eləcə də Şahbuz və Ordubaddakı kəndlərdə mövcud olan villatipli kənd evlərinə daha çox yerli sakinlərin mənalı istirahət üçün üz tutacağı şəksizdir. Bunlarla yanaşı, sosial məsafə şərtlərinə əməl olunduğu kiçik qruplar halında dağ yürüşlərinin, habelə balıq tutma, fotoovçuluq, herbari toplama kimi aktiv istirahət turlarının təşkili, çadır düşərgələrində və kotteclərdə ailəvi istirahətin təşkili də yeni dövrdə populyar turizm növlərindən olacaq. Bütün bu turizm növləri üçün Naxçıvanda yaxşı resurslar və zəruri infrastruktur var. Hazırda Naxçıvan Muxtar Respublikasında mərkəz nöqtəsi Naxçıvan şəhəri olmaqla, Naxçıvan-Batabat, Naxçıvan-Ağbulaq, Naxçıvan-Ordubad-Gəmiqaya, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala və Naxçıvan-Qarabağlar istiqamətlərində turizm marşrutları fəaliyyət göstərir. Bu turizm marşrutları üzrə tur proqramlara qatılan hər yaş kateqoriyasından olan turistlərə birgünlük maraqlı tanışlıq-dərketmə ekskursiyaları da böyük tələbat olan səyahətlərdəndir”.
Əli Cabbarov qeyd edib ki, heç bir çətinlik insanın elmi və yaradıcı qüvvəsindən güclü deyil. Mühüm sosial tələbatları ödəyən turizmin hazırkı pandemiyadan daha az zərər görməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafı üçün görüləcək hər bir iş qədim diyarın qazandığı turizm imicinin daha da artırılması və məşğulluq məsələlərində çox səmərəli olacaqdır.