Əli Həsənov: Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət aşılayır
AzerTAg.az

Bakı, 26 dekabr (AZƏRTAC). Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət aşılayır, onlara xoş münasibət təlqin və təbliğ edir. Dövlətimiz etnik azlıqların - rusların, ukraynalıların, belarusların və digər millətlərin nümayəndələrinin bərabərliyini tam şəkildə təmin etmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Şöbə müdiri bildirmişdir ki, milli, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının cəmiyyətimizdə bərabərliyi təmin edilmişdir. Eyni zamanda, Azərbaycanda bütün millətlərin nümayəndələrinin ölkəmizin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılmışdır. Bu, Azərbaycanı digər dövlətlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Ümummilli lider Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda yaşayan milli, dini azlıqlar bizim milli sərvətimizdir.
Əli Həsənov bildirmişdir ki, bəzi ölkələrdə, o cümlədən bir sıra postsovet dövlətlərində yaşayan azərbaycanlılara qarşı heç də eyni münasibət göstərilmir. Bəzən onların milli vətəndaş hüquqları kobud şəkildə pozulur, bəzi hallarda postsovet ölkələrinin dövlət orqanları azərbaycanlılara qarşı ədalətsiz münasibət nümayiş etdirir. Bu anlamda Azərbaycan dövləti, cəmiyyəti digər dövlətlərdən, cəmiyyətlərdən əsaslı şəkildə fərqlənir.
Xəbərin mətnində orfoqrafik səhv var