SİYASƏT


Əli Həsənov: Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”ndə vəziyyətlə bağlı təkliflər öyrəniləcək və sistemləşdirilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək

Bakı, 9 iyun, AZƏRTAC

Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün yaradılmış komissiya iyunun 9-da kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçirib və müvafiq müzakirələr aparıb. Komissiyanın sədri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bununla bağlı AZƏRTAC-a açıqlamasında deyib:

-Bildiyiniz kimi, Quba şəhərindəki “Soyqırımı memorial kompleksi” 1918-ci ildə erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımı nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə yaradılmış abidədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il dekabrın 30-da imzaladığı Sərəncama müvafiq olaraq Heydər Əliyev Fondu tərəfindən yaradılmış kompleks ən müasir standartlara cavab verir və öz möhtəşəmliyi ilə seçilir. Abidə-muzeydə mövcud olan şərait və tarixi sənədlər, faktlar və ekspozisiyalar həmin dövrdə erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat əldə edilməsi və bütün bunların dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradır.

Təəssüf ki, son zamanlar kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Məlum olduğu kimi, cənab Prezident kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə tapşırıq verib. Tapşırığa uyğun olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalanıb və aidiyyəti orqanların nümayəndələrindən, həmçinin mütəxəssislərdən ibarət komissiya yaradılıb.

Bu gün kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxıldı. Daha sonra isə Quba Rayon İcra Hakimiyyətində keçirilən iclasda mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı və artıq problemin aradan qaldırılmasına dair ilkin təkliflər də var. Daxil olan təkliflər yaxın zamanlarda öyrəniləcək və sistemləşdirilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.