İDMAN
Əli Hüseynli: Qələbəni gərgin mübarizə şəraitində qopara bildik
Bakı, 15 may, Əziz Məmmədov, AZƏRTAC
Final mübarizəsi çox gərgin keçdi. Qarşımızda çox güclü müqavimət göstərən duet vardı. Türkiyə komandasının heyətində stend atıcılığı üzrə Dünya Kubokunun sahibi Oğuzxan Tuzun və İslamiadanın qalibi Nihan Gürer təmsil olunmuşdu. Final görüşü ilk atəşdən son atəşə qədər çox gərgin mübarizə ilə müşayiət olundu və biz belə şəraitində cəmi bir xal üstünlüyü ilə qələbəni qopara bildik.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında səngər stendi üzrə qarışıq komanda yarışlarının qalibi Əli Hüseynli söyləyib.
Ə. Hüseynlinin komanda yoldaşı Aydan Camalova da final görüşü barədə təəssüratlarını bölüşərək deyib: “Şübhəsiz ki, adlı-sanlı rəqiblərimizin nüfuzunun təzyiqi altında idik. Amma mən doğma divarlar arasında qalib gəlməyi çox istəyirdim. Azarkeşlərin qızğın dəstəyi daha da həvəsləndirirdi. Başa düşürdük ki, bizdən yalnız qızıl medal istəyirlər. Çox şadam ki, qələbə bizə qismət oldu”.