CƏMİYYƏT


Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Plenumun iclasında 2018-ci ilin birinci yarımilliyində respublikanın birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətlərinin uzadılması haqqında təqdimatlara baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair nəticələr müzakirə edilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev iclası açaraq bildirib ki, insan hüquqlarının, o cümlədən cinayət məsuliyyətinə cəlb olunan və məhkum edilən şəxslərin hüquqlarının daha etibarlı təmini üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamında ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiqi qeyd edilib. Eyni zamanda, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyə olunub.

Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 2006-cı il 30 mart tarixli 5 saylı, “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2009-cu il 3 noyabr tarixli 2 saylı qərarlarında, “2015-ci ildə respublikanın birinci instansiya məhkəmələrində təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılmasına dair təqdimatlara və həbs qətimkan tədbirinin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsinə dair vəsatətlərə baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair” 2017-ci il 7 aprel tarixli və “Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2017-ci ilin ikinci yarımilliyində təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinə dair” 2018-ci il 25 may tarixli plenumlarında məhkəmələrə tövsiyə olunub ki, şəxsin məhkəməyə gəlməyə təminatları mövcud olduğu təqdirdə onun azadlıqda qalmasına üstünlük verilməli, həbs qətimkan tədbirinə müstəsna tədbir kimi baxılmalıdır. Məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız qanunda nəzərdə tutulan əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar.

Plenumun iclasında apellyasiya və birinci instansiya məhkəmələrinin sədrlərinin və hakimlərinin iştirakı ilə Ali Məhkəmə tərəfindən aparılmış ümumiləşdirmənin nəticələri geniş müzakirə olunub, təhlillər aparılıb. Müəyyənləşdirilib ki, məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətlərinin uzadılması barədə təqdimatlara və həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi haqqında vəsatətlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır. Qeyd edilib ki, 2016-cı ilin birinci yarımilliyinə nisbətən 2018-ci ilin müvafiq dövründə məhkəmələrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması haqqında 3758 təqdimat az daxil olub. Baxılmış 4518 təqdimatın isə 89,1 faizi təmin edilib.

Eyni zamanda, məhkəmə təcrübəsində müəyyən nöqsanlara yol verilməsi halları da aşkar olunub.

İclasda məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqində yol verilən səhvlərin aradan qaldırılması, qanunun eyni qaydada tətbiqinin təmin edilməsi, vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb.

Plenumun iclasında, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu ilin birinci yarısına dair iş planı təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.